Bir koronaviruslu xəstəyə ayrılan xərc heç də az deyil
Ona görə yaxşı olar ki, maska əhaliyə pulsuz verilsin ki, virus daşıyıcısı çoxalmasın
2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Məlumatda qeyd edilib ki, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdiriləcək. Qeyd edək ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Həkim Şahin Məmmədov "Şərq"ə açıqlamasında qeyd edib ki, koronavirusun yayılma sürətinin azaldılmasının yeganə effektiv və daha ucuz başa gələn yolu maskası olmayanlar və ya maskası çənəsində olanların yüksək məbləğdə cərimələnməsidir. Həkim diqqətə çatdırıb ki, amma əvvəlcə maska hər kəsə əlçatan olmalıdır:
"Pandemiya başlayandan bunu dəfələrlə demişəm. Evdən çölə çıxan kimi xəstə oldu və ya olmadı, maskası yoxdursa, həmin şəxsə min manat cərimə təyin olunsun. Cəriməni ödəmədiyi təqdirdə isə bir aylıq həbs edilsin. Amma ilk növbədə maskanın hamıya əlçatan və pulsuz olması şərtdir. İnsanlar marketlərdən pulsuz istədikləri qədər maska götürə bilsinlər. Pulsuz verilən maskaların üzərinə satışı qəti qadağandır yazıla və ya "qaynar xətt" təşkil edilməklə baş verən sui-istifadənin qarşısı alına bilər. Hesab edirəm ki, bu təklifim yeganə effektiv yoldur və bu metod tətbiq edilərsə, gələcək günlərdə heç bir sərt karantinə ehtiyac olmayacaq. Nəticədə virusun yayılma sürəti kəskin şəkildə aşağı düşəcək".
Həkim diqqətə çatdırıb ki, gündə minlərlə insanın koronavirusa yoluxması dövlət büdcəsinə çox böyük ziyan vurur:
"Əgər maska pulsuz verilərsə, dövlət büdcəsindən böyük məbləğ ayrılmayacaq. Gəlin bir anlıq nəzərə alaq ki, bir ağır COVİD-19 xəstəsi dövlətə nə qədər ziyan vurur? Təbii ki, hamımız yaxşı bilirik ki, ona ayrılan xərc heç də az deyil. Amma bu gedişlə statistikada çox ciddi artımlar daha böyük təhlükələrə səbəb ola bilər. Gündə minlərlə insan koronavirusa yoluxur. Hazırda görünən mənzərə odur ki, yaxın gələcəkdə bu problemlər bitməyəcək, əksinə, daha da artacaq. Buna görə də daha ciddi tədbirlərin görülməsi çox zəruridir".