"Böyük zəfəri birlik olaraq əldə etdik, elə koronavirusla mübarizədə də birlik nümayiş etdirməli və virusa qalib gəlməliyik".
Bu sözləri millət vəkili Sədaqət Vəliyeva deyib. O vurğulayıb ki, hazırda dünyada 57 milyon insan koronavirusa yoluxub, 1.4 milyon insan isə bu virusun qurbanı olub:
"Dünyada koronavirusa yoluxanların sayına görə ilk beşlikdə ABŞ, Hindistan, Braziliya, Fransa və Rusiya yer alır. Əlbəttə ki, son vaxtlar koronavirusa yoluxma tendensiyasının sürətlənməsi Cənubi Qafqaz regionundan, Azərbaycandan da yan keçməyib. Ölkəmizdə də gündən-günə virusa yoluxanların sayında artım müşahidə olunur. Ancaq dövlət koronavirusla mübarizədə ciddi qabaqlayıcı tədbirlər görür. Əlbəttə ki, yoluxmanın sayının artmasının obyektiv və subyektiv səbəbləri var. Ən böyük səbəb Vətən müharibəsi idisə, artıq böyük qələbə qazandığımızdan indi diqqəti koronavirusla mübarizəyə yönəltməliyik. İşğalçıları qovaraq, torpaqlarımızı azad edərək qələbə qazandığımız kimi koronavirusa da qalib gəlib insanlarımızı qorumalıyıq".
O qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətini artırması, bəzi məhdudiyyətləri tətbiq etməsi tamamilə məntiqlidir:
"İki-üç ay bundan öncə gündəlik yoluxmanın sayı 100-150 idisə, hazırda bu rəqəm 15-20 dəfə artaraq 2500-ə çatıb. Əgər virusun geniş yayılmasının qarşısı alınmasa, fəsadları ağır olar. Ona görə də, xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik. İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları daha da çoxala bilər. Həqiqətən də, biz birlikdə güclüyük".