“İnsanların şəxsi gigiyena qaydalarına əməl etməsi vacibdir”

Koronavirus pandemiyası artıq yol yoldaşımıza çevrilib. Bütün dünya bu infeksiyaya qarşı dərman və vaksin icad etməyə çalışsa da, hər hansı dərman vasitəsi icad olunmayıb. Məhz peyvəndin olmaması yoluxanların gündəlik dinamikasının kəskin artmasına gətirib çıxarıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi nümayəndəsi David Nabarro 2021-ci ilin əvvəllərində Avropada üçüncü koronavirus dalğasının gözlənilməsi barədə xəbərdarlıq edib. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, azərbaycanlı alim Nuran Abdullayev isə Avropa ölkələri, eləcə də Azərbaycan üçün üçüncü dalğa terminini deməyin elmi cəhətdən doğru olmadığını düşünür:


“Çünki Avropada elə ölkələr var ki, onlar artıq sübut ediblər ki, öz ölkələrində ilk COVID-19 dalğası deyilən rəsmi vaxtdan da öncə başlayıb. Azərbaycanda da ilk dalğanın nə zaman olduğunu biz elmi cəhətdən dəqiq bilmədiyimizə görə, 3-cü dalğa terminini istifadə etməkdənsə, növbəti dalğa deməyimiz daha düzgündür”.

N.Abdullayev qeyd edib ki, zamanla belə dalğavari yoluxmalar koronaviruslara və eləcə də COVID-19 virusuna xasdır:

“Bu da onu deməyə əsas verir ki, peyvənd çıxmazsa və ya virus mutasiyaya uğrayıb virulentliyini itirməzsə, ölkələrin 70 faiz əhalisi virusa yoluxub immunitet qazanana qədər pandemiya davam edəcək və biz bir neçə yoluxma dalğası ilə rastlaşacağıq”.

Yolxuma sayının çoxalması barədə “Sherg.az”a danışan tanınmış həkim-psixoterapevt Əli Nağıyevin fikrincə, koronavirusa yoluxanların sürətlə artmasına yalnız vətəndaş məsuliyyətsizliyi səbəb olmur. Həkim qeyd edib ki, insanların şəxsi gigiyena qaydalarına əməl etməsi də vacib məqamdır. Lakin, bu amillər yoluxma sayının çoxalması ilə bağlı səbəblərin yarısı deməkdir: 

“Yoluxma sayının artmasının obyektiv səbəbləri də var. Məncə, bu səbəblərdən biri də son vaxtlar virusun bütün dünyada geniş yayılmasıdır. Təbii ki, biz də dünyanın tərkibindəyik və mövcud durum istər-istəməz ölkəmizə də təsirlərini göstərir”.

Ə.Nağıyev ölkəmizdə koronavirusa kütləvi yoluxmanın digər səbəbi kimi torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində bəzi kütləvi yığıncaqların olduğunu da söyləyib:

“Çoxlu sayda şəhidlərimiz oldu. Onlar üçün yas mərasimləri təşkil edildi. Təbii ki, bunlar qarşısıalınmaz, eyni zamanda vacib məsələ idi. Vətənin bütövlüyü uğrunda həlak olan müqəddəs şəhidlərimizin hüzr yerinə yığışmırıq deyə bilmədik. Yas mərasimləri, vətəndaşlarımızın qələbə sevincini küçələrdə bayram etməsi də obyektiv səbəblərdir. Amma yoluxmanın çoxalması yalnız bizdə deyil, digər ölkələrdə də var”.