Həkimlər də hesab edir ki, antibiotiklərin reseptsiz satışı qadağan olunmalıdır
"Bir çox ölkələrdə antibiotiklər apteklərdə yalnız reseptlə satılır. Bizdə isə bu, açıq şəkildə satılır. Biz də mərhələli şəkildə belə satışa başlaya bilərik. Heç olmasa, addım-addım geniş spektrli antibiotiklərin reseptsiz satışına qadağanın qoyulmasına başlamalıyıq". Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və nəzarəti Departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Avropada evdə müalicə olunan, yüngül vəziyyətdə olan COVİD xəstələrinə vitaminlər, mikroelementlər və qızdırmasalıcı preparatlar təyin edilir: "Avropa ölkələrində evdə müalicə olunan yüngül xəstələrə bundan əlavə dərman verilmir. Azərbaycanda isə bəzən həkimlər özləri də antibiotiklərdən düzgün istifadə etmirlər. Bəzən həkimlərimiz evdə müalicə olunan, yüngül vəziyyətdə olan xəstə ilə bağlı daha tez müsbət nəticə almaq üçün antibiotikləri erkən mərhələdə təyin edirlər. Bu da xəstənin yanlış müalicəsinə, xəstəxanaya ağırlaşmış halda gəlib çatmasına səbəb olur".
Mövzuya münasibət bildirən həkim Aydın Əliyev açıqlamasında deyib ki, həkim məsləhəti olmadan antibiotiklərin qəbulu yolverilməzdir. Onun sözlərinə görə, son günlər mövsümi xəstəliklər ilə əlaqədar olaraq antibiotiklərə tələbat xeyli artıb:
"Antibiotiklər əslində virusa heç bir təsir etmir. Antibiotiklər o zaman istifadə edilməlidir ki, xəstəlik prosesinə bakteriyalar qoşulsun. Lazımsız antibiotik istifadəsi orqanizmi zəiflədir, xəstəliyi ağırlaşdırır. İnsanlar lazım oldu-olmadı apteklərdən antibiotiklər, sistemlər və digər dərman preparatları alırlar. Xüsusi olaraq qeyd edim ki, ciddi şikayətlər-boğulma, təngnəfəslik, hərarətin 38,5-dən yuxarı olması, büruzə verilmiş halsızlıq, iştahsızlıq yoxdursa, DQO-nun KT müayinəsində ağciyərlərdə buzlu şüşə görüntüsü 15 faizdən çox deyilsə və xəstənin şikayətləri olmazsa, antibiotik qəbul edilməməlidir. Ümumiyyətlə, həkim məsləhəti olmadan antibiotiklərin qəbulu çox zaman insan ölümə səbəb olur. Buna görə də onların reseptsiz satışı qadağan olunmalıdır”.