"Sayın azalmasına insanlar kömək edə bilər"
“Bəzi vətəndaşlar qaydalara riayət etmirlər, məsuliyyətsiz davranırlar. Anlamırlar ki, nəinki bizim ölkədə, hətta dünyada da koronavirus tam yoxa çıxmayıb. Hətta bəzi Avropa ölkələri yenidən sərt karantin rejimini tətbiq edirlər. Sadəcə insanlarımız əksinə fikirləşirlər. Düşünürlər ki, sərt karantin sona çatdısa, qaydalara əməl etmək lazım deyil”.
Bu sözləri “Şərq”ə açıqlamasında infeksionist-parazitoloq Vüqar Cavadzadə söyləyib. O bildirib ki, sonuncu yoluxan şəxsə qədər profilaktik tədbirlər həyata keçirilməlidir:
“Yaxın tarixə qayıtsaq görərik ki, yay aylarında yoluxanların sayı kəskin azalmışdı. İnsanlar bununla arxayınlaşdı, korona yaddan çıxdı. Payız fəslində koronavirusa yoluxma sayı 5000-ə yaxınlaşırdı. İndi də qaydalara riayət edilməsə, yenidən artacaq, ehtimal var. Sayın azalmasına insanlar kömək edə bilər. Ona görə karantin qaydalarına riayət olunmalıdır. Həm də indi vaksinasiya dövrü başlayıb. Pandemiyanın geniş yayılması vaksinasiyadan kənarda qalan şəxslərin çox olması ilə nəticələnəcəkdir. Bu da müsbət göstərici deyil. Hazırkı durumda insanlar maska taxmırsa, məsafə saxlamırsa, mənfi haldır. Gələcəkdə yoluxanların sayının artmasına səbəbdir. Bununla da bizi sərt karantin rejimi gözləyəcəkdir”.