"Ötən il COVİD-19 virusu digər xəstəliklərin də kəskinləşməsinə səbəb olub"
2020-ci ildə Azərbaycanda əhalinin ən çox əziyyət çəkdiyi xəstəliklərin adı statistika komitəsi tərəfindən açıqlanıb.
Geridə qoyduğumuz il ərzində ölkəmizdə qeydə alınmış xəstəliklər sırasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı, sidik-cinsiyyət sisteminin, eləcə də qan və qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.
Bu barədə "Şərq"ə açıqlamasında Həkim Şahvələd Məmmədov deyib ki, sadalanan xəstəliklərin əksəriyyəti pandemiyanın fəsadları nəticəsində yaranıb:
"2019-cu ildə meydana çıxan COVİD-19 virusu digər xəstəliklərin də kəskinləşməsinə səbəb olub. Əsasən, ötən il əhali arasında tənəffüs sistemi xəstəlikləri üstünlük təşkil edib. Koronavirus ilk növbədə tənəffüs orqanlarını zədələyir.
Ona görə də insanların çoxu bu tip xəstəliklərlə üz-üzə gəlib. Növbəti olaraq rastlaşdığımız və pandemiya dövründə kəskinləşən xəstəliklər sırasında ürək-damar xəstəliklərini göstərmək olar.
Bu dönəmdə koronavirus infeksiyası ilə əlaqədar olaraq ürək-damar sistemi xəstəliklərinin də ağırlaşması müşahidə olunub. Keçən il özünü büruzə verən xəstəliklərdən biri də əsəb sistemi pozulması problemidir.
Ötən bir il ərzində istər pandemiya, istərsə də müharibə səbəbindən insanlarda depressiv hallar çoxalmağa başlayıb. Koronavirus pandemiyasının sürətlə yayılması, insanların evə qapanması, bu səbəbdən ortaya çıxan əsəb, gərginlik halları əsəb sisteminin pozulmasına gətirib-çıxarıb. Bu dövrdə qorxu nevrozu, əsəb nevrozu diaqnozlarının, o cümlədən panik atakların sayı artıb".
Şahvələd həkim həmçinin qeyd edib ki, 2020-ci ildə virusun daha bir ziyan vurduğu orqanlara misal olaraq mədə və bağırsaqları da göstərmək olar:
"Koronavirusla əlaqədar virus diareyası deyilən bir xəstəlik də yaranıb. Belə ki, insan COVİD-19-a yoluxduqdan sonra virus bağırsaqlara tökülür. Nəticədə isə bu, insanlarda ishala səbəb olur".
Aytac Ali