"Əhali həkimin qapısını ürəklə açacaq" - Tibbi sığorta gəlir



Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Masallı Mərkəzi Xəstəxanasında reyd keçirib. Xəstəxananın baş həkim Cəlil Nəzərov başda olmaqla bir neçə nəfər həbs olunub.

Məlumatda bildirilir ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən həkim pediatr Vaqif Qarayev qeyd edib ki, bu cür halların bir daha yaşanmaması üçün bu sahədə də ciddi islahatların aparılmasına çox ehtiyac var. Onun sözlərinə görə, icbari tibbi sığortanın təsdiq olunması xüsusilə vacibdir:

"Bu, çox ciddi islahatdır. Həm sosial baxımdan, həm də mənəvi.  Düzdür, müəyyən səbəblərə görə, tibbi sığorta məsələsi gecikdi. Xüsusən də, pandemiyanın araya düşməsi onun tətbiqini ləngitdi".

V.Qarayev qeyd edib ki, tibbi sığortanın bir çox müsbət cəhətləri var:

"Bizdə hazırda vəziyyət belədir ki, əlinə tikan batandan sonra hər hansısa şəxs qonşusundan pul alaraq həkimə gedir.

Bu biabırçılıqdır. Ancaq əhali tibbi sığorta vasitəsilə həkimin qapısını istədiyi vaxt ürəklə açacaq.

Digər problem isə ödəmələrlə bağlıdır. Bu günləri klinikalarda məbləğlər həddən artıq yüksəkdir. Bu zaman ödənişlərlə bağlı müəyyən çətinliklər yaranır.

Amma tibbi sığortada bu cür hallara rast gəlinməyəcək. Ən əsası isə peşəkarlıq baxımından bir rəqabət yaranacaq. Nəticədə kim daha çox peşəkardırsa, o, daha çox gəlir əldə edəcək.

Buna görə də korrupsiyanın qarşısının alınması üçün tibbi sığortanın olması çox vacibdir. Bu, ilk növbədə ölkədə çox müsbət dəyişikliklərə səbəb olacaq".