"Ölümdən qorxmuram"


Ağır xəstəlik keçirən Rəşid Mahmudov ayağa qalxıb, evində müalicə alır

"İnsanlar çalışmalıdır ki, normal, dürüst yaşasınlar. Övladlarına halal və haramı başa salsınlar"

Bir neçə gün öncə görkəmli ziyalımız Rəşid Mahmudovun koronavirusa yoluxması xəbəri hər evi dolaşdı. Onu sevən uşaqlı-böyüklü hər kəs bu xəbəri böyük məyusluq hissi və kədərlə qarşıladılar. 
Qeyd edək ki, verdiyi COVID-19 testinin nəticəsi pozitiv çıxan ictimai xadim yoluxmanın ilk günlərində evdə müalicə olunsa da daha sonra vəziyyəti ağırlaşıb və Gömrük Xəstəxanasına yerləşdirilib. 

Bu gün doktorun səhhəti ilə yenidən maraqlandıq. "Şərq"in telefonunu elə özü açan Rəşid müəllim vəziyyəti barədə ətraflı məlumat verdi:

"Koronavirusa yoluxmuşdum, 13-14 gün müddətində xəstəxanada yatdım. İndi isə xəstəxanadan çıxmışam. Özümü çox yaxşı hiss edirəm. Şükür Allaha, həkimlərimiz məni doğrudan da ölümcül vəziyyətdən xilas etdilər.

Gömrük Xəstəxanasının həkimlərinə öz təşəkkürümü bildirirəm. Öz aramızdır, oradakı xəstəxana çox mükəmməl, bugünkü tələbata uyğun olaraq Avropa stilində qurulub.

Oranın baş həkimi, müavini də mənim tələbəm olub. Çox gözəl insanlardırlar və orada gözəl bir tibbi-sistem qurublar. Doğrudan da fəxr edirəm ki, bizim belə həkimlərimiz var. 
Həkimlərimiz tək mənim yox, çox adamın ölümünün qarşısını aldılar. Həqiqəti, gözümlə gördüyümü deyirəm. 
İndi evdəyəm, yaxşıyam, kefim kökdür. Fevralın 6-na qədər həkimlər evdən çıxmağa icazə vermir". 

Biz də öz növbəmizdə Rəşid müəllim üçün səmimi arzularımızı çatdırdıq. Həmçinin, qeyd etdik ki, xalq öz ziyalısının sağlamlığını istəyir, onu yenə ayaq üstündə görmək üçün səbirsizlənir.

Doktor da öz növbəsində təşəkkür etdi və əlavə olaraq bizə bildirdi ki, dəyərli xalqımız bunu da bilsin ki, mən ölümdən qorxmuram, ona yuxarıdan aşağı baxıram: "Allaha qurban olum, ölümdən qorxmuram və bunu qəbul edirəm. İnsanlarımız bunu da bilməlidirlər. Ölümün özü də gözəl bir şeydir. 

Amma insanlar çalışmalıdır ki, normal, dürüst yaşasınlar. Övladlarına halal və haramı başa salsınlar. Düzgün insan yetişdirsinlər. 
Türk olmaq lazımdır, oğul! Türk! Türk! Varını yox, nəyi varsa insanlarla bölüşdürəndir türk.

Türk həmişə düz və dürüst danışandır. Hegel deyir ki, bu dünyanı idarə etmək üçün vəzifə başına mütləq bir türk qoyun. O, dünyanı ədalətlə, haqla idarə edəcək. Niyə? Çünki türklər həqiqətin özüdürlər, qanuna tabedirlər.

Amma qeyrilərinin heç biri buna əməl etmirlər. Ona görə deyirəm ki, türk olmaq çox çətindir və onlardan da çox qorxurlar. Ona görə ki, türk hər zaman canından olsa da həqiqəti deyir. Bax, insanlara bunu aşılamaq lazımdır. Əminəm ki, sizin qəzetiniz də məhz bunun uğrunda mübarizə aparır".

Ağarza Elçinoğlu