"İnamsızlıq çox ağır bəladır"


"İnsanların vaksinasiya ilə bağlı sadə bir şeyi anlamaması təəccüb doğurur"

Həkim-nevroloq: "Guya ki, Bil Geyts timsalında qara qüvvələr istəsələr, o yeritmək istədikləri "qorxulu" maddələri, gündəlik yeyəcəklərin və içəcəklərin içində insanların bədəninə yeridə bilməzlər?"

Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri peyvənd olunub. Lakin bunlara baxmayaraq insanlar arasında vaksinasiyaya qarşı inamsızlıq var. Mütəxəssislər isə fərqli fikirdədirlər.

Həkim-nevroloq Pərviz Axundov "Şərq"ə açıqlamasında bildirib ki, vaksinə münasibət hər bir ölkədə fərqlidir. Onun sözlərinə görə, Almaniyada bəzi xidmət sektorlarında vaksinasiya edilməyənlər işdən azad edilirlər:

"Təbii ki, bu tendensiya digər ölkələrə də keçəcək. Qərbdə də vaksinasiyaya qarşı gedən  kütlə var. İnsanların sadə bir şeyi anlamaqda çətinlik çəkməsi təəccüb doğurur. Vaksinlərin məhz iynə formasında olması şərtidir. Damcı formasında da vaksinlər olur, poliomielit kimi də. İndi bu konspirasiya nəzəriyyələrinin tərəfdarlarının özlərinə düşmən bildiyi Bil Geyts timsalında qara qüvvələr istəsələr, o yeritmək istədikləri "qorxulu" maddələri, gündəlik yeyəcəklərin və içəcəklərin içində insanların bədəninə yeridə bilməzlər? Məsələn, "HELL" içəcəyinin içərisinə. Gərək ki, ancaq hansısa vaksinin içinə qatılsın həmin "təhlükəli" maddələr? Bir məsələni də qeyd edim ki, Çində insanlar özləri könüllü növbələrə yazılıblar və orada kütləvi vaksinasiya prosesi getməkdədir. İnamsızlıq çox ağır bəladır. Bütün dünyada bu tendensiya var. Şayiələr, psixoloji problemlər və elmsizliklə əlaqədardır. Şərti olaraq vaksindən imtina edənləri 3 qrupa bölmək olar. Birinci qrupa daxil olanlar məmurlara, səhiyyə sisteminə inanmayanlardır. Onlar düşünürlər ki, vaksin siyasi və iqtisadi bir oyundur. İkinci qrupa şübhəli yanaşanlardır ki, onlar müxtəlif rəsmilərin açıqlamalarına baxırlar və özləri buna uyğun qərar verirlər. Üçüncü qrup insanlar həyəcan pozulması olan insanlardır ki, onlar sövdələşmələrdən, çipləşmə və izlənilmədən qorxurlar və bütün növ vaksinlərə  qarşıdılar. Antivaksinoloqların uydurduqları əfsanələr ona görə uğurlu olur ki, onlar uydurmaları  insanlara onların başa düşə biləcəyi, sadə dildə deyirlər. Halbuki, bunların heç bir elmi əsası yoxdur". 

Həkim əlavə edib ki, sosial şəbəkələrdə bir il əvvəl "virus yoxdur, oyundur" deyənlər, indi də vaksinasiyaya qarşı təbliğat aparmağı özünə "peşə" seçib:

"Nəzərə alaq ki, zamanında məlum problemə qarşı ciddi yanaşma, qorunma tədbirləri ilə alovlanmaların qarşısı alına bilərdi, amma olmadı. İndi də vaksinasiya əleyhinə təbliğatla yeni təhlükəli yola insanları sürükləmək istəyirlər. 1 ilə yaxındır ki, karantinin yumşaldılmasını, iş yerlərinin açılmasını tələb edənlər, vaksinasiyanın nə olduğunu anlamadan buna qarşı olurlar. Amma unutmaq lazım deyil ki, bu gedişlə yeni alovlanmalar və yeni "sərt karantinlər" qaçılmaz olacaq. Hazırda ən uyğun çıxış yolu vaksinasiyadır. Nəzərə almaq lazımdır ki, vaksinasiyanın kütləviliyi şərtdir, əks halda yeni mutasiyaların hesabına vaksinin effektivliyinın aşağı düşməsi gözləniləndir. Britaniyada artıq apteklərdə belə vaksinasiyanın aparılması təşkil edilir ki, qısa müddətdə böyük kütlə vaksinasiya edilsin". 

Koronavirusun tarixə qovuşmağına az qaldığını vurğulayan həkim anestezioloq-reanimatoloq Şahin Məmmədov "Şərq"ə açıqlamasında deyib ki, alınan vaksinlər rəsmi olaraq 50 faiz effektivlidir:

"Təbii ki, ölkədən-ölkəyə, insandan-insana bu rəqəm fərqlidir. Bəzi millətlər "Covid-19"a daha həssas, bəziləri nisbətən davamlı görünür. Bizdə ümumən rəqəmlər pis deyil. Azərbaycan ərazisi vərəmin endemik zonası sayıldığına görə, əhali "bsj" vaksinasiyası olunub. "Bsj" vaksinasiyası olan insanlarda təkcə vərəmə qarşı yox, ümumi immunitet güclənir. Bizim aldığımız vaksin yüngül xəstə sayından daha çox ağır xəstə sayını kəskin azaldıb. Hesab edirəm ki, bir il ərzində koronavirusun sayının azalmasının şahidi olacağıq". 

"Covid 19" əleyhinə vaksinasiyanın bu infeksiyadan qurtuluşun yeganə yolu olduğunu qeyd edən professor Musa Qəniyev deyib ki, o, zəruri və mütləqdir: "Vaksinasiya barədə insanlar arasında yenə də vahid fikir birliyi yoxdur. Bizim ölkəmizdə "Sinovac" şirkətinin “CoronaVac” peyvəndindən istifadə olunur. Bu peyvənd klassik yolla, yəni inaktivləşdirilmiş virus kulturasından alınır.

Odur ki, enzim patalogiyası olan məhdud sayda insanlar nəzərə alınmasa, heç bir ciddi və təcili müdaxilə tələb edən əlavə effektlərə və ya qeyri-spesifik təsirlərə malik ola bilməz.

Digər tərəfdən, bildirmək istəyirəm ki, bu peyvəndi istər günümüzə qədər "COVİD-19"-a yoluxmayan, istərsə də zaman müddəti nəzərə alınmadan, onun istənilən klinik formasını keçirmiş şəxslərə vurmaq olar".