Vaksinasiya AJİOTAJI: kimi qorxur, kimi də... - Nələri bilməliyik?

Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya start verilib. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur. Təəssüflər olsun ki, vaksinasiya ilə bağlı cəmiyyətdə yanlış təbliğat kampaniyası aparılır. Sosial şəbəkələrdə bu mövzuda əsassız videolar, fotolar paylaşılaraq ictimai rəy çaşdırılır. Bu səbəbdən də, insanlar peyvəndlənmədən ehtiyat etməyə başlayıb.

Bəs vaksinasiya haqqında nələri bilməliyik?

"Sağlamlığa Xidmət" İctimai Birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva “Sherg.az”a bildirib ki, yoluxmanın qarşısına almaq üçün həll yolu vaksinasiyadır. Vaksinasiyanın geniş və əhatəli bir proses olduğunu deyən ekspert hər kəsin bu prosesdə iştirakının vacib olduğunu da söyləyib:

“Yoluxma zənciri bununla qırıla bilər. Vaksinasiya bütün dünyanın pandemiyanın ilk günlərindən gözlədiyi bir proses idi.
Ölkəmizdə ilk olaraq tibb işçiləri COVID-19 əleyhinə peyvənd olunurlar.

Artıq xəstəliyi keçirən şəxslərə peyvənd edilmir, çünki onların qanında anticisimlər yaranıb və onları yenidən xəstələnmədən təbii şəkildə qoruyur.

Peyvənd vurulacaq şəxsin həmin an tam sağlam olması vacibdir. Qızdırma, hər hansı respirator xəstəlik olmamalıdır. Belə olduğu halda peyvəndi keyfiyyətli vaksin hesab edə bilərik.

Həmin şəxslər peyvənddən sonra heç bir mənfi reaksiya ilə üzləşməzlər. Hamilə qadınlara, 16 yaşdan aşağı uşaqlara, süd verən analara peyvənd vurulmayacaq. Ciddi allergik reaksiyalar verən şəxslər də vaksinasiya olunmayacaq”.

P.Vəliyeva vurğulayıb ki, hazırda hər ölkə əhalisinin 20 faizi vaksin olunur:

“Çin istehsalı olan “Sinovak” şirkətinin “Koronovak” vaksini inaktiv olduğu üçün dünya ölkələri tərəfindən etibarlı hesab edilir, həm də daha çox sınağı aparılıb. Aprel ayından kliniki sınaqlarına başlanan “Koronovak”la müqayisədə digər peyvəndlər bir qədər gec aşkarlanıb.

Vaksin elmin məhsuludur və təsiri sübut olunmuş ən uğurlu profilaktika üsuludur.

Azərbaycanda əksəriyyət tibb işçiləri peyvənd alıblar.  İkinci mərhələdə digər şəxslərin də peyvənd olunması gözlənilir. Vaksin vurulan 65 yaş üzəri insanlar arasında virusa yoluxma ilə vurulmayan insanlar arasında yoluxma səviyyəsi müqayisə olunur. Yoluxan şəxslər və vaksin vurulan şəxslər qeydiyyata alınır.

Təbii ki, tədqiqatın nəticəsini müəyyən vaxtdan sonra bilmək mümkün olacaq. Xalqımız şanslıdır ki, Azərbaycan dövləti “COVAX” təsisatına qoşulmaqla vaksini ilk əldə edən ölkələrdən oldu. Digər kasıb və orta gəlirli ölkələr daha sonrakı mərhələdə vaksinasiyadan yararlana biləcəklər.

Tövsiyə edərdim ki, vaksindən qorxmasınlar. İndiyədək milyonlarla insana peyvənd edilir. Hələ peyvənddən əmək qabiliyyətini itirən və ya dünyasını dəyişən insan olmayıb”.