Sağlamlığı imkan verən hər kəs vaksinasiyada iştirak etməlidir -  Tibb üzrə fəlsəfə doktoru

"Çünki vaksinasiya ilk növbədə həmin şəxsin özünü yoluxmadan qoruyur"


Çox sevindirici haldır ki, bir çox ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesinə başlanılıb. Dövlət bu məsələdə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək vaksinlərin ölkəyə vaxtında gətirilməsini təmin edib. İndi başlıca məsələ əhalinin öz məsuliyyötini dərk edərək vaksinasiya prosesinə ciddi yanaşması və prosesdə aktiv iştirak etməsidir.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Y.Abdiyeva qeyd edib ki, təxminən 1-2 ay əvvəllə müqayisədə ölkədə COVİD-19-a yoluxma sayı xeyli azalıb. Lakin bu hal insanları rahatlaşdırmamalıdır. İnsanlar həm karantin qaydalarının tələblərinə ciddi əməl etməli, həm də vaksinasiya strategiyasına uyğun olaraq, mərhələli şəkildə peyvənd olunmalıdırlar.

Vaksinasiyanın məhz insanların sağlamlığı naminə atılan addım olduğunu deyən mütəxəssis qeyd edib ki, vaksinasiya prosesinə ilkin mərhələdə səhiyyə işçiləri cəlb olunub. Növbəti mərhələdə yaşı 65-dən çox olan şəxsərin vaksinasiyasına başlamaq planlaşdırılır:

“Hazırda vaksinasiya uğurlu şəkildə həyata keçirilir. Mövcud qaydalara görə, ölkəmizdə vaksinasiya prosesi könüllüdür. Lakin bu, o demək deyil ki, könüllü olduğu üçün insanlar bu prosesə qeyri-ciddi yanaşmalıdırlar. Sağlamlığı imkan verən, əks göstərişləri olmayan hər bir kəs vaksinasiyada iştirak etməlidir. Çünki vaksinasiya ilk növbədə həmin şəxsin özünü yoluxmadan qoruyur. Biz bu yaxın zamanadək baş verən və hələ də davam edən ölüm hadisələrini unutmamalıyıq. Görün, nə qədər insan öz doğmasını, dost-tanışını COVİD-19-a görə itirdi! O zaman o insanları xilas etmək üçün əlimizdə heç nə yox idi. Lakin indi vaksin var və bu, bizim hazırkı şəraitdə ən böyük şansımızdır. Biz daha çox yaxınımızı itirməməkdən və pandemiyadan qurtulmaqdan ötəri vaksin vurdurmalıyıq”.

Y.Abdiyeva əlavə edib ki, COVİD-19 güclü yoluxma qabiliyyətinə malik olan virusdur. Bu virusun yeni ştammı isə indikindən daha yüksək yoluxma qabiliyyətinə malikdir və o, insanlar arasında daha sürətlə yayılır”.

Hazırkı şəraitdə virusdan qorunma üçün ən effektli yolun vaksinasiya olduğunu nəzərə çatdıran Y.Abdiyeva qeyd edib ki, COVİD-19-a qarşı vaksin istifadə edən hər 100 nəfərdən 91-92-i virusdan tam qorunacaq, qalanları isə xəstəliyə yoluxsa da, onu yüngül keçirəcək.

Alimin sözlərinə görə, vaksin vurduran insanlar da rahatlaşmamalı, vaksin vurdurduqdan sonra da qoruyucu tədbirlərə ciddi şəkildə əməl etməlidirlər. Çünki vaksin orqanizmə vurulan kimi insanı virusdan qorumağa başlamır.Vaksinasiyadan bir müddət sonra orqanizmdə qoruyucu maddələr əmələ gəlməyə başlayır.