Rusiyada tibb elmləri namizədləri Natalya Eysmont və professor Vasiliy Vlasov pandemiyanın üçüncü dalğasının nə vaxt olacağı barədə əhaliyə xəbərdarlıq ediblər. Həkimlərin fikrincə, növbəti dalğa yaza doğru, martın sonu qığılcımlana bilər. Əgər vaksinasiya sürətlənsə, bu üçüncü dalğa yox, mövsümi aktivləşmə hesab ediləcək. Kollektiv immunitet formalaşdıqca isə dalğalar azalacaq. Alimlərin sözlərinə görə, peyvəndləmə kütləvi həyata keçirilməsə, yaz dalğası üçüncü dalğa olacaq.
Virusun mutasiyaya uğraması da üçüncü dalğanın bir qədər güclü olacağına şübhə yaradır.Görünür, sevinmək üçün hələ tezdir. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır...
Həkim-psixoterapevt Əli Nağıyev növbəti dalğa haqqında “Sherg.az” a danışarkən ehtiyatı əldən verməməyi məsləhət göüb:
“Alimlərin fikirləri əsassız deyil. Çünki koronavirusun aqressiv ştammı meydana çıxıb. Üstəgəl, bir çox ölkələr qapanma bərpa olunub.
Karantin qaydalarının yumşalması bizdə üçüncü dalğanın olacağı ehtimalını meydana çıxarır.
Çünki biz bir çox hallarda karantin qaydalarının yumşalmasından sui-istifadə edirik. Düzdür, üzü yaya doğru getdiyimizi düşünsək, üçüncü dalğanın bizdən yan keçəcəyinə də inanmaq olar.
Hərçənd, əvvəlki təcrübələr göstərir ki, isti hava şəraiti koronavirusun yayılmasına əngəl deyil.
Deməli, qorxu, xof yaranmadan, şəxsi məsuliyyətimizi artırmalıyıq”.