Uşaqlarda vitamin çatışmazlığı


Vitaminlər üzvi birləşmələr olub, canlıların qidasının zəruri hissəsini təşkil edir. Son vaxtlar 50-yə qədər vitamin aşkar edilib. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və avitaminoz baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş qidada həmin vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir. Belə problemlərə yaz-yay aylarında daha çox təsadüf edilir.

"Sherg.az" bildirir ki, həkim-pediatr Sevinc Nəsirova AZƏRTAC-a deyib: "Uşaqlarda rast gəlinən yuxusuzluq, aqressiya, passivlik və halsızlıq halları vitamin çatışmazlığının əlamətləridir. Uşaqlarda vitamin çatışmazlığı əlamətləri tez-tez ağlağanlıq və qıcıqlanma ilə özünü büruzə verir. Uşaq əvvəlki kimi uzun müddət oynaya bilmir, tez yorulur. Məktəbli uşaqlarda isə fikir dağınıqlığı və xroniki yorğunluqdan dərsə davamiyyət azalır. Uşaq əvvəlkindən daha çox yatır, yuxudan çətin oyanır, gəzintiyə və dostlarla görüşə getməkdən imtina edir".

Həkim-pediatr onu da bildirib ki, vitamin çatışmazlığını həkimsiz aşkarlamaq olduqca çətindir, çünki onun çatışmazlığı uşaqlarda müxtəlif xəstəliklərə səbəb olduğu kimi, bəzi xəstəliklərin əlaməti olaraq da ortaya çıxa bilər. Müəyyən əlamətlərin əvvəlcədən təyin edilib həkim nəzarətində lazımlı tədbirlərin alınması lazımdır.