Saxta sənəd alanlar mütləq cəzalandırılmalıdır
Son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılır. Ötən gün TƏBİB də hər kəsi sözügedən neqativ hallardan çəkinməyə dəvət edib. Qeyd olunub ki, vaksin sağlamlığımızın qorunması və yenidən normal həyata dönə bilməyimiz üçün yeganə vasitədir. Onu da bildirək ki, TƏBİB yalnız Abşeron, Sumqayıt və regionlar da daxil olmaqla vaksinasiya prosesinin təşkili ilə məşğuldur.
Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında bildirib ki, bu, ilk növbədə hüquq pozuntusudur. O qeyd edib ki, bu cür neqativ halların qarşısı mütləq alınmalıdır:
"Bunu edənlər mütləq cəzalanmalıdırlar. Hesab edirəm ki, portalda adı olmayan və xüsusilə yalandan bu sənədi alan şəxslər tez bir zamanda aşkar olunmalı və qarşısı qətiyyətlə alınmalıdır. Çünki vaksinasiya çox önəmlidir".