İslahatlar "daşa ilişir": “TƏBİB- də, nazirlik də ləğv edilsin, çevik...”

Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini TƏBİB aparacaq. Bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum)- TƏBİB tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) – TƏBİB-in həmin reyestrə çıxışı təmin ediləcək.

Əvvəllər bu səlahiyyət Səhiyyə Nazirliyində idi.

Yeni qərarı "Sherg.az"a şərh edən həkim-stomatoloq, "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib ki, əhalinin sağlamlığı kimi məsələ ilə bir struktur vahidi məşğul olmalıdır. Həkimin fikrincə, icbari tibbi dövlət sığortasını həyata keçirmək üçün əlahiddə bir struktura ehtiyac yox idi:

"Səhiyyə Nazirliyinin bazasında bir agentliyin yaradılması ilə bu problem həllini daha rahat tapa bilərdi. Təəssüf ki, Azərbaycanda əhaliyə birbaşa faydalı olan işlər hər zaman "daşa ilişir".

Bunun kökü çox dərindir və daha çox siyasi təməldədir. Mənə qalsa, hər iki struktur ləğv edilər və köhnə nazirlik bazasında daha səmərəli, çevik, bürokratiyanın minimuma endirildiyi xidmət mühiti yaratmaqla əhalini səhiyyə talançılığı və xaosdan xilas etmək mümkün olar.

Əks halda mövcud strukturlar arasında maddi maraqlar və sırf konyukturaya hesablanan anormal təfəkkür savaşı əhalinin sağlıq durumunu daha da pis vəziyyətə salacaq".