Yanvarın 1-dən etibarən ölkəmizdə “Tibbi sığorta haqqında” qanuna əsasən, icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb. Bu gün, bəlkə də, vətəndaşları ən çox maraqlandıran sual icbari tibbi sığortanın necə və hansı əsaslarla həyata keçirilməsidir. Lakin bu sahədə qeyri-müəyyənlik hökm sürür. Əhalinin demək olar ki, hamısı icbari tibbi sığortanın hansı formada həyata keçirilmə mexanizmindən xəbərsizdir.
Təbii ki, əsas səbəb vətəndaşların bu sahədə maarifsiz olmasıdır. Aidiyyəti qurumlar əhaliyə icbari tibbi sığorta haqqında dolğun məlumat verməli idilər. Lakin mövcud durum ürəkaçan deyil.
Mövzu barədə “Sherg.az”a açıqlama verən tibb elmləri doktoru, professor-həkim Adil Qeybulla icbari tibbi sığorta sistemindəki qeyri-müəyyənliyi mənfi qiymətləndirib:
“Məhz bu qeyri-müəyyənlik olub ki, son günlər səhiyyə işçilərinin həbsinə şahidik. Həbs olunan şəxslər koronavirus və çarəsiz xəstələrə qarşı vəzifələrindən sui-istifadə ediblər.
Lakin onlar sadəcə icraçıdırlar. Bu işin başında dayanan himayədarlar var. İlk növbədə Səhiyyə Nazirliyindəki rəhbər şəxslər həbs olunmalı idi.
Onlara sərf etmirdi ki, əhali icbari tibbi sığortadan lazımi səviyyədə istifadə etsin.
İcbari tibbi sığorta başlayıb və gərək müvafiq qurumlar mütəmadi olaraq vətəndaşlar arasında maarifləndirici iş görsünlər.
İnsanlara aydın olsun ki, bu sistem necə olacaq və nə cür fəaliyyət göstərəcək. Ərazi üzrə və yaxud hansı formada olacaq?
Rayon xəstəxanalarında və ayrı-ayrı yerlərdə dövlət xəstəxanalarındakı MRT aparatı hamıya çatacaqmı? və.s Gördünüyü kimi suallar çoxdur və bütün bunlar çox ciddi nüanslar doğurur. Çox təəssüf ki, hər birimiz prosesin necə olacağından məlumatsızıq”.