Səhiyyə sahəsindəki bəzi rəhbər şəxslərin korrupsiyaya yol verməsi təəssüflər olsun ki, bu sahənin inkişafı üçün görülən tədbirləri kölgə altında qoyur. Belə hallara nəzarət etməli olan Səhiyyə Nazirliyi də buna görə böyük məsuliyyət daşıyırdı və yaxasını kənara çəkə bilməzdi. Bu baxımdan Prezidentin Sərəncamı ilə Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edildi.
Ötənlərdə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlu həbs edilib. "Yeni klinika" tibb müəssisəsinin direktoru Abbasov Pərviz Akif oğlu da saxlanılıb.
Bu gün isə daha bir xəstəxanada vəzifəli şəxslərinin əməlləri ifşa edilib. 18 saylı Birləşmiş şəhər xəstəxanasının vəzifəli şəxslərinin və qeyrilərinin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri ilə tibb qeydiyyatçılarının qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif pul məbləğləri müqabilində ayrı-ayrı vətəndaşların guya COVİD-19 pandemiyası əleyhinə vaksinasiya prosesində müayinədən keçərək peyvənd olunmaları barədə yalan məlumatları müvafiq informasiya portalına daxil etmələri və bununla əlaqədar digər zəruri saxta sənədləri tərtib etmələrinə əsaslı şübhələr yaranıb.
Səhiyyə sistemindəki islahatları “Sherg.az”a şərh edən iqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, hansısa nazirin işdən çıxarılması islahat kimi qəbul edilməməlidir:
“İslahat köklü idarəetmə dəyişikliyinə gətirib çıxarmalıdır. Təəssüf ki, hər hansı bir sahədə ən yaxşı kadrları toplasaq belə, ümumi idarəetmədə dərin islahatlar aparılmasa, irəliləyiş əldə etmək olmaz. Qeyd etmək lazımdır ki, son zamanlar xəstəxanaların vəziyyəti, səhiyyə sistemindəki idarəçilərin yanaşmaları, TƏBİB, icbari tibbi sığortaya daxil olan qurumlar və Səhiyyə Nazirliyi ictimai rəydə mənfi qiymətləndirilir. Vətəndaşlar əsasən də Oqtay Şirəliyevin işdən çıxarılmasını diqqətdə saxlayırdılar. Lakin məsələ bir nəfərin üzərində cəmləşməyib. Amma ictimai rəyə hörmət etmək baxımından bu addım atılıbsa, müsbət qiymətləndirir və davamlı olacağına ümid edirəm. Hansısa şəxsin bir sahədə uzun müddət işləməsi düzgün deyil. Təbii ki, istənilən vəzifəli şəxs başına qohum-əqrəbasını, dost-tanışını yığacaqsa, tabeçiliyində olan qurumlara bu yollarla təyinat edəcəksə, istər-istəməz rüşvət halları da olacaq”.
İqtisadçı təəssüflə söyləyib ki, dövlət səhiyyə idarəetməsi məmur sahibkarlığı üzərində qurulub:
“Demək olar ki, bütün dövlət səhiyyə müəssisələrinin rəhbərləri hansısa bir məmurum qohumu və yaxını olmaqla təyin olunur. Ümumiyyətlə, Azərbaycanda vəzifələrə təyinat rəqabət mühitində deyil. Tanışılıq, dostluq, rüşvət və korrupsiya ilə vəzifələrə təyin olmalar baş verir. Ona görə də istənilən vəzifəli şəxsin korrupsiyaya uğraması adi haldır.
Korrupsiyanı yaradan səbəblər aradan qaldırılmalı, rəqabətli mühit təmin olunmalıdır.
Təəssüf ki, səhiyyə müəssisələrinin dövlət hesabına avadanlıqlarla təmin olunmasına, kommunal və digər xərclərin, işçilərin maaşının dövlət tərəfindən ödənilməsinə baxmayaraq, uzun müddət vergidən yayınırlar. Hər bir vətəndaş bilir ki, dövlət səhiyyə müəssisələrində pulsuz heç nə yoxdur.
Səhiyyə müəssisələrinin idarəetməsinə də ictimai nəzarət olmalıdır. Dövlət icbari tibbi sığortanı təmin edibsə, ayrı-seçkilik olmadan vətəndaş bu xidmətdən həm özəl, həm də dövlət xəstəxanalarında istifadə etməlidir.
Seçim imkanı olduqda da rəqabət mühiti yaranır. Beləliklə, qiymətlər optimallaşır və xidmət keyfiyyəti qalxır. Bununla da ictimai rəy formalaşır. Amma dövlət xəstəxanalarının idarəçiləri mütəmadi olaraq özəl şirkətlər və klinikaların guya qiymətlərin bahalığı ilə bağlı qara piar kampaniyaları aparırlar. Bu, onların məsuliyyətsizliyindən irəli gəlir. Məqsəd də rəqabət mühitini öldürməkdir. Rəqabət mühiti yoxdursa, vətəndaş dövlət xəstəxanalarının xidmətindən yararlanmaq məcburiyyətində qalır. Beləliklə, bahalı xidmət və məsuliyyətsiz davranışla qarşılaşır”.