Peyvəndlənmə gözlənilən effekti vermir 

Təəssüf ki, koronavirus infeksiyası hələ bir müddət bizimlə yaşayacaq


"Artıq koronavirusun üçüncü dalğasını müşahidə etdik. Yəni bu xəstəlik dalğavari şəkildə artır, azalır. Bir dalğa arasındakı müddət isə təxminən 3-4 ay olur. Ona görə də əvvəlki dalğaları nəzərə alsaq, üç aydan sonra Azərbaycanda və bütün dünya ölkələrində təkrar koronavirus xəstələrinin sayının artmasının şahidi ola bilərik". 

Bu sözləri "Şərq"ə açıqlamasında pulmonoloq, allerqoloq  Ramin Nəriman deyib. Həkim əlavə edib ki, peyvəndlənmə də müəyyən dərəcədə effekt verə bilər:



"O baxımdan hesab edirəm ki, 3-4 aydan sonra istər Azərbaycanda, istərsə də digər dünya ölkələrində ya koronavirusun dalğası əvvəlkilərlə müqayisədə ya nisbətən zəif olacaq, ya da ki, olmaya bilər. Amma böyük ehtimalla olacağını düşünürəm. Çünki bir infeksion xəstəliyə insan ikinci dəfə yoluxursa, artıq bu o deməkdir ki, həmin xəstəliyə qarşı immunitet formalaşmayıb.

Daimi immunitet formalaşmadığı təqdirdə insan təkrar xəstələnir. Fikrimcə, peyvənd olunan şəxslər də daimi immunitet əldə edə bilməyəcəklər. Çünki bir müddətdən sonra həmin immunitet itəcək və yenidən şəxsin xəstələnməsi baş verəcək. Onun üçün də belə düşünmək olar ki, gələcəkdə koronavirus infeksiya ilə bağlı xəstələrin sayının artmasını gözlənilə bilər.

Bu günə qədər ki, statistika belədir ki, Azərbaycanda hardasa təxminən 320 min nəfər koronavirusa yoluxub.  470 min nəfər isə 2 dəfə peyvənd olunub. Hardasa 200 min əhalinin də xəstələndiyini və qeydiyyatdan keçmədiyini nəzərə alsaq, ümumilikdə Azərbaycanda xəstələnən, ya iki dəfə peyvənd olunanların sayı bir milyondur. Bildiyimiz kimi, Azərbaycanın 10 milyon əhalisi var. Bir milyon Azərbaycan əhalisinin 10 faizi deməkdir. Kollektiv immunitetin formalaşması üçün ən azı cəmiyyətinin 70-80 faizində immunitet olmalıdır". 

Həkim vurğulayıb ki, hələ bir müddət koronavirus infeksiyası təəssüf ki, davam edəcək:

"Bu xəstəlik belə görünür ki, ya uzun müddət, ya da ola bilsin ki, daimi davam edəcək. Ümumdünya Səhiyyə Təşkilatı da sətirarası bildirir ki, peyvənddən gözlənilən effekt alınmır. Qeyd olunur ki, peyvənd yeganə qorunma metodu deyildir. Yenə də ara məsafəsi gözləmək, maskadan istifadə etmək, şəxsi gigiyena qaydalarına riayət olunması tövsiyə olunur. Belə düşünürəm ki, hələ bir müddət koronavirus infeksiyası təəssüf ki, davam edəcək".