Həkimlərimiz də millət vəkilinin təklifi ilə qismən razılaşırlar
Millət vəkili Fəzail Ağamalı koronavirusa qarşı peyvəndin məcburi olması təklifini irəli sürüb. O qeyd edib ki, vaksin olunmaq istəyənlərin sayı azdır: “Elə etməliyik ki, proses məcburi olsun. Eyni zamanda elə etməliyik ki, maarifləndirmə tədbirləri daha da artırılsın. İnsanlar vaksin vurdurmağa meyilli olmalıdır”.
"Şərq" olaraq dəyərli həkimlərimizlə söhbətləşdik. Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında qeyd edib ki, peyvəndlənmənin məcburi və ya könüllü olması ilk olaraq epidemioloji vəziyyətlə bağlıdır:
"Bəli, bu qaçılmazdır ki, vəziyyət yenidən ciddiləşə bilər. Təbii ki, bu zaman vaksinasiyada məcburi xarakter daşıya bilər. Hələlik vaksinasiya könüllü və məsləhət xarakteri daşıyır. Amma görünən odur ki, insanlar vaksinasiya etdirməkdə maraqlı deyillər. Ancaq insanlar bilməlidir ki, vaksinasiya kollektiv immunitetə gedən yoldur. İnsanlar başa düşməlidir ki, onlar peyvənd olunmasalar, cəmiyyətə təhlükə yarada bilərlər".
Həkim-pediatr Vaqif Qarayev isə bildirib ki, artıq İsrail kütləvi vaksinasiyanın hesabına normal həyata qayıdıb: "Hindistan isə sözün əsl mənasında yanır, yəni vəziyyət çox pisdi orda. Koronavirusa qarşı vaksinasiyanı davamlı təbliğ edən həkimlərdən biri də mənəm. Çünki bu gün bu bəladan qurtulmağın və qorunmağın ən optimal yolu vaksinasiyadır. Amma bir məsələ var. Dövlət müəssisə və idarələrində insanları vaksinasiya ilə bağlı işdən çıxartmaqla hədələyirlər. Yəni bu barədə şikayətlər çoxdur, xüsusən təhsil sahəsində. Təbii ki, belə təbliğat olmur. Vaksinasiya günü özünü xəstə hesab edənləri, müxtəlif problemlərdən ciddi müalicə alanları məcbur etmək olmaz. Yoxsa, nəticəsi pis ola bilər".
Həkim Sevindik Şirinov isə qeyd edib ki, 2020-ci ilin oktyabr-noyabr aylarında ölkədə "Covid-19"a yoluxanların sayı artıq beş mini ötmüşdü:
"Hətta xəstəliyə inanmayan bəzi insanlar "Covid-19"a yoluxandan sonra oksigeni, balaca bir çarpayı olan xəstəxana palatası üçün hər şeydən keçirdi. Həmin vaxtlar hamının gözü, qulağı televiziya və ya sosial şəbəkələrdə idi ki, nə vaxt vaksinasiya olacaq. Çox təəssüf ki, bəziləri yenə də cahilliyin daşını buraxmaq istəmir. Bilmirəm sadəcə bizim ölkədəki bəzi insanların psixologiyası belədir, yoxsa bütün dünya bizim gündədir. Qeyd edim ki, insanlar verəcəyi qərarı cahiliyyə yox, elmə əsaslanaraq verməlidir".
Həkim-terapevt Teymur Mirzəbəyli "Şərq"ə açıqlamasında bildirib ki, "COVİD-19" vaksinasiyası həm məcburi, həm də könüllü olmalıdır:
"Universitetdə oxuyarkən Kardiologiyadan bir müəllimimiz vardı və kardioloji instrumental müayinə metodlarından biri haqqında bir kitab yazmışdı. Bu müəllimimiz də bəzi başqa fənlərin və kafedraların müəllimləri kimi yazdığı kitabı tələbələr arasında da satmağa çalışırdı. İnsafən deməliyəm ki, yazdığı kitab normal və informativ idi.
Amma müəllimin kitabı tələbələr arasında satma metodu neqativ təəssürat yaradırdı. Belə ki, kitabı əvvəlcə təklif edirdi, almayanda isə "Bala, bu kitabı götür, xoş olmasa zor var". Zor dediyi də qarşıdan gələn imtahanlar olduğunu hamımız yaxşı başa düşürdük. Bu günləri COVİD-19 vaksinasiyasının məcburi, yoxsa könüllü olması ilə suallar yaranmaqdadır.
Cavabım isə həm məcbur, həm də könüllüdür. Könüllü: hər bir insanın sağlamlığı və həyatı onun şəxsi işidir, seçimdə azaddır və qərarları özü verməlidir. İstərsə bu və ya başqa müayinə, müalicəni, vaksinasiyanı və s. ya qəbul edər, ya etməz. Məcbura gəldikdə, hər bir insanın azadlığının sərhəddi başqa bir insanın azadlığının sərhəddi başladığı yerdə bitər." COVID-19" xəstəliyi infeksion xəstəlik olduğundan, vaksinasiya olunmayan hər insanların yoluxma ehtimalı olduğundan, yoluxduqdan sonra başqa bir şəxsi qeyri-iradi də olsa yoluxdura biləcəyindən, bu insanların vaksinasiya olunmaması onları özlərindən başqa digər şəxslər üçün də potensial təhlükə mənbəyi edir. Vaksinasiya olunmayan insan əgər heç bir başqa insanla təmasda olmayacaqsa, seçimdə sərbəstdir, vaksinasiya olmaya bilər. Amma müəyyən peşələr var ki, bu peşə sahibləri başqa insanlarla gündəlik sıx təmasda olurlar.
Məsələn, müəllimlər, həkimlər, ticarət-məişət obyektlərində çalışanlar və s. Bu qrup peşə sahiblərinin vaksinasiya olunub-olunmaması qərarını onların başqa insanları yoluxdurmayacaqları haqqında tam əminlik isbat olunana qədər, bu kimi qərarları onların öz öhdələrinə buraxılmasını tövsiyə etmirəm".