2019-cu ilin dekabr ayından koronavirus adlı bəla dünyanın baş ağrısına çevrilib. 2021-ci ili yarılasaq da, bəşəriyyət olaraq hələ də bu bəla ilə çarpışırıq. Ötən aylar ərzində coğrafi mövqeyi və yayılma dinamikasından asılı olaraq ölkələr iki, üç hətta dördüncü dalğanı belə yaşayıb. Qardaş Türkiyə hökuməti pandemiya səbəbindən tam qapanma tətbiq edəcək. Dünən ölkəmizdə 1402 nəfər koronavirusa yoluxub, 32 nəfər isə dünyasını dəyişib.
Həkim-psixoterapevt Əli Nağıyev ölkəmizdəki durumla bağlı fikirlərini “Sherg.az”la bölüşüb. Həkimin sözlərinə görə, respublikamızda koronavirusla bağlı vəziyyət bəzi ölkələrə baxanda qat-qat yaxşıdır:
“Lakin vəziyyətin yaxşı olması rahatlaşmağımıza əsas verməməlidir. Koronavirusun yeni ştammları var. Bu, bizi məsuliyyətli olmağa məcbur edir. Yeni ştammlar yoluxuculuq qabiliyyətinə görə daha aqressiv hesab olunur. Ona görə də ölkəmizə yoluxma sayı nə qədər stabil görünsə də, birdən-birə gərgin vəziyyət yaşana bilər. Bu, tamamilə vətəndaşların məsuliyyətindən, gündəlik gigiyena vasitələrindən düzgün istifadədən və karantin qaydalarına riayət etməyimizdən asılıdır. Ən vacib məqam odur ki, hər bir vətəndaş könüllü şəkildə peyvənd olunmalıdır. Vaksinasiya önəm verməliyik ki, karantin cəngindən tezliklə qurtula bilək. Düşünməməliyik ki, koronavirus yaxın müddətdə məhv olacaq. Hələ xeyli müddət belə şəraitdə yaşamağa alışmalıyıq”.