Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev müsahibə verib.
Sherg.az Teleqraf-a istinadən həmin müsahibəni təqdim edir:
- Doktor, yoluxma statistikasında azalma müşahidə edirik. Qarşıdakı dövrü necə qiymətləndirirsiniz?
- Yoluxma sayı getdikcə azalacaq. Doğrudur, buna bir neçə gün əvvəldən qərar vermək olmaz. Azalma tendensiyası hiss edirəm. Qarşıdakı proqnozlar ölkəmiz üçün müsbətdir. Yoluxma sayında nisbi azalma var. Xəstəxanalardakı yük azalır, xəstələri kontrol etmək asanlaşır. Ona görə də gələcək barədə müsbət düşünürəm.
- Sizcə, vaksinasiyanın bu gedişata təsiri varmı?
- Peyvəndləmə yoluxma sayının azalmasına müsbət təsir göstərir. Nümunə olaraq deyə bilərəm ki, İsraildə vaksinasiya hesabına demək olar ki, pandemiya sonlanmaq üzrədir.
- İnsanlar açıq havada maska taxmağa etiraz edirlər. Maskadan nə zaman xilas ola bilərik?
- Əgər davamlı olaraq yoluxma sayı 1000-dən aşağı düşsə, açıq havada maska taxmaq məcburiyyəti aradan qaldırıla bilər. Lakin ictimai nəqliyyatdakı sıxlıq, ictimai yerlərdəki toplaşmalar hələlik bu qərarın tez olduğunu göstərir.
- Ötən il yay mövsümündə yoluxma sayı kəskin artdı. Bu il də belə artım mümkündürmü?
- Düşünmürəm ki, bu mövsüm yoluxma sayı artsın. Çünki ötən il təcrübəmiz az idi, vaksin yox idi. Ötən illə bu ili müqayisə etdikdə, üstünlüklər var. Müalicə baxımından da təcrübəliyik, əhali peyvənd olunur. Mənə elə gəlir, yoluxma getdikcə azalacaq.
- Bir tərəfdən də mutasiya virusu yayılır...
- Britaniya ştammı əvvəlki COVID növü ilə müqayisədə daha yoluxucudur və yoluxucluq artdıqca, ağırlaşma ehtimalı çoxalır. Bu müddət ərzində ölüm hallarında da artım müşahidə etdik. Lakin qeyd edim ki, artıq Britaniya ştammı kontrola alınır. Hesab edirəm ki, müsbət irəliləyiş olacaq.
- Virusun bu növünün xarakterik əlamətləri varmı?
- Britaniya ştammında şikayətlər əvvəlkindən fərqlidir. Bu növdə yüksək hərarət ola bilir. Həm də əvvəlki zəif şikayətlər indi daha qabarıq müşahidə olunur. Məsələn, öskürək, boğulma halları artıb. Asqırma əlaməti COVID üçün xarakterik əlamət olmasa da, yeni ştammda bəzi şəxslərdə müşahidə olunur.