“İftar mərasimlərini ailəmizlə birlikdə keçirək” 

“Kütləvi yığışma olan məclislərdən uzaq durmaq lazımdır”

“Çünki belə məclislərdə olub evə gəldikdə ailə üzvlərimizi də koronavirusa yoluxdura bilərik”


Bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya hökm sürməkdədir. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası fətva verib. İnsanlara pandemiya dövründə kütləvi iftar süfrələrində toplaşmamaları tövsiyə edilib.
Eyni zamanda Misirdə Ramazan bayramı ilə bağlı xeyriyyə məclisləri qadağan olunub, Dağıstan müftisinin müsəlmanları pandemiyaya görə əhalini məscidlərə getməkdən çəkindirmək üçün çağırışlar edib.

QMİ-nin fətva şöbəsinin imamı, ilahiyyatçı Samid Quliyevin “Sherg.az”a açıqlamasına görə, artıq 2-ci ildir ki, Ramazan ayını pandemiya dövründə keçiririk:

“Günümüzdə aktual məsələlərdən biri əhalinin iaşə obyektlərində, restoranlarda, kafelərdə və yaxud fərdi evlərdə bir yerə toplaşıb iftar mərasimlərində olmasıdır. Amma müqəddəs Ramazan bayramı İslamın tərkib hissəsidir. İslam dini də hər zaman özündə bütün gözəllikləri ehtiva edir. Dinimiz insanların təhlükədə olmasını istəmir. Çünki İslamın insana verdiyi dəyər çox yüksəkdir.

Daha yaxşı olar ki, iftar mərasimləri fərdi evlərdə ancaq ailə üzvlərimizlə birlikdə keçirək. Təkcə iftar süfrəsində deyil, başqa vaxtlar da ailə üzvlərimizlə ilə təmasda oluruq. Kütləvi toplaşma olan məclislərdən uzaq durmaq lazımdır.

Çünki belə məclislərdə olub evə gəldikdə ailə üzvlərimizi də koronavirusa yoluxdura bilərik. Yaxşı olar ki, mübarək ayda ehsan vermək istəyənlər ya kasıb ailələrə ərzaq yardımı etsinlər, ya da qocalar və uşaqlar evinə yeməklər aparsınlar.

Bu, həm də İslamın dəstəklədiyi yoldur. Düzdür, İslama görə ehsanın paylanması vacib deyil, lakin müstəhəb əməldir. “Müstəhəb” sözününü də dilimizə tərcüməsi, “gözəl”, “bəyənilmiş” deməkdir. Bu baxımdan qeyd etdiyim yolla ehsan vermək daha məqəsədəuyğundur.

Yaxud da qonşuda və qohumda tanıdığımız aztəminatlı ailələrə Ramazan hədiyyəsi kimi ərzaq yardımı etmək olar”.