Həkimdən MÜJDƏ: “Yumşalmaya gedə bilərik”

Dünyada son iki həftə ərzində COVID-19 virusuna yoluxmalarda və ölüm sayında azalma qeydə alınır. Bu barədə brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib. Bununla belə, təşkilat rəhbəri bir sıra ölkələrdəki vəziyyətin hələ də narahatlıq doğurduğunu, pandemiyanın başa çatmasından söhbət getmədiyini dilə gətirib.

ÜST rəhbəri, həmçinin dərman istehsalçısı olan şirkətləri Hindistanın ixracı dayandırması səbəbindən yaranan boşluğu doldurmaq üçün əvvəllər nəzərdə tutulandan daha çox vaksin istehsal edib bazara çıxarmağa çağırıb. O, G7 ölkələrini də may ayının sonunadək 140 milyon doza vaksin tədarükünü təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb.

 Eyni zamanda qonşu ölkələrdə, o cümlədən Türkiyədə də yumşalma tədbirləri həyata keçirilir. Azərbaycanda isə yoluxma statistikası tədricən azalır. Bir ildən çoxdur ki, dünyanın “altını-üstünü çevirən” koronavirus pandemiyasının gələcəkdə özünü necə aparacağı isə sual altındadır.


Həkim- infeksionist Natiq Əliyev bu barədə proqnozlarını “Sherg.az”la bölüşdü:

“Son günlər yoluxma statistikasında azalma və stabillik var. Bu, bir neçə məqamla bağlıdır. Ən başlıcası isə odur ki, qərarlar vaxtında və düzgün qəbul olunur. Vətəndaşlar məsuliyyətli davranırlar. Eyni zamanda ölkəmizdəki tendensiya qonşularımızda da müşahidə olunur. Fikrimcə, yoluxma sayında stabil azalma olarsa, yumşalma tədbirlərinə gedə bilərik. Lakin indiki məsuliyyət və həssaslığı gələcəkdə də göstərməliyik”.