Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, İrandan idxal edilən və hazırda yerli bazarlarda satışa çıxarılan qarpızın tərkibində nitratın miqdarı normadan təxminən iki dəfə artıqdır. O, vurğulayıb ki, mövsümü olmamasına baxmayaraq satışa çıxarılan bu qarpızdan bir sutkada 2.5 kiloqram yeyən şəxslər zəhərlənərək xəstəxanalıq ola bilərlər.
Hər bir bostan-tərəvəz məhsulunun və meyvənin mövsümü var. Qarpızın mövsümdən öncə qəbulu təhlükəli durum yarada bilər. Lakin biri deyir ki, indi qarpız yeməzlər, bu adamı zəhərləyə bilər, bir başqası da bildirir ki, qarpıza normal qaydada gübrə veriləndə o məhsul istər istixanada yetişdirilsin, istərsə də günəş şüası altında, fərqi yoxdur, o insan həyatı üçün qorxulu deyil. Amma fakt faktlığında qalır: Mövsümündən öncə qarpız yeyən çoxlu sayda insan zəhərlənib və bu durumla hər il qarşılaşırıq.
Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyevin “Sherg.az”a açıqlamasına görə, bütün məhsulların inkişaf etməsi üçün onlara müəyyən miqdarda enerji çatmalıdır:
“Vaxtsız yetişdirilən hər bir məhsul xüsusi gücləndirilmiş rejimlərdə yetişir. Bu, təbii məhsul istehsalının həyata keçirilmədiyini isbatlayır. İndi istifadə olunan qarpızlar heç vaxt normal qaydada yetişə bilməz. Həmin məhsul ya istixanalarda, ya da müəyyən sintetik-kimyəvi gübrələrin təsiri ilə əmələ gəlir. Hansı ki, o gübrələri bitkiyə verirlər və bitki qidalanır. Həmin gübrələr bitkinin meyvələrinə keçir. Sabahısı gün də o meyvələrlə qidalanarkən kimyəvi maddələr orqanizmimizə keçir və fəsadların əmələ gəlməsinə yol açır”.
Ekspert vurğulayıb ki, mövsümü olan meyvələrin, giləmeyvələrin və tərəvəzlərin hamısının özünəməxsus zaman intervalında yetişməsi tövsiyə olunur:
“Sağlamlığımızı qorumaq istəyiriksə, qarpızı və digər məhsulları normal yetişən vaxtından istifadə etməliyik. Eyni durum çiyələk, gilas və digər meyvələrə də aiddir. Tez yetişdirilən məhsullar orqanizmimizi zəhərləyir”.