Dəhşəti əks etdirən fotolar yayıldı
Adil Qeybulla: "Hindistan ştammı lokallaşmasa, yenidən dünya dəhşətli pandemiya ilə üz-üzə qalacaq"
Hindistanda yayılan ölümcül “qara göbələk” göz xəstəliyi artıq Türkiyə sərhədinə çatıb. Bu barədə yerli mediada qorxunc xəbərlər verilir. Məlumdur ki, son aylarda Hindistanda koronavirusa yoluxmuş və hazırda müalicə altında olan minlərlə insanda ağır göz xəstəliyi - “qara göbələk” aşkarlanır. Bu xəstəliyə yaxalananların həyatda qalmaq şansı 100-də 50-dir. Xəstələrin 80 faizinin təcili əməliyyata alınması zərurəti yaranır. Əməliyyat otaqlarında çəkilmiş fotolar isə dəhşəti bütün çılpaqlığı əks etdirir.
“Qara göbələk” göz xəstəliyi tibdə mukprmikoz adlanır. Xəstəliyin dərəcəsindən asılı olaraq bəzilərinin hər iki gözü, bəzilərində isə yalnız bir göz çıxarılır. Bir gözü çıxarılanlar şanslı hesab edilir. Göz xəstəliyinin yayılmasına koronavirusun səbəb olduğu bildirilir. Mütəxəssislər bu fikirdədir ki, koronavirusa yoluxmuş insanın orqanizmi zəiflədiyindən “qara göbələk” xəstəliyi özünü büruzə verir. Xüsusilə də şəkər xəstələri risk qrupundadırlar. Normalda şəkərli diabet xəstələrində görmə qabiliyyətinin zəifləməsi baş verir. Şəkər xəstəliyi, üstəgəl bir də koronavirus “qara göbələy”ə yaxalanma ehtimalını artırır. Qəribə burasıdır ki, göz xəstəliyi koronavirusdan sağaldıqdan 12-18 gün sonra ortaya çıxır. Koronavirusdan qurtulduqlarını zənn edən insanlar təkrar xəstəxanaları doldurur. Hindistanda bugünədək “qara göbələk” xəstəliyindən 200-dən artıq insan vəfat edib. Daha bir qorxulu xəbər Türkiyənin cənub-şərq qonşusu İraqdan gəlib. “Milliyet.com” yazır ki, İraqda da “qara göbələk” xəstəliyindən ilk ölüm faktı qeydə alınıb. İraqın vilayət mərkəzi Nasiriyyədə vəfat etmiş bir nəfərdə “qara göbələk” infeksiyası aşkarlanıb. Türkiyəyə qonşu ölkədə bu xəstəliyin yayılmağa başlaması həyəcan təbili çalmağın zamanı gəldiyinə bir işarədir.
Göz xəstəliyinin dünyada geniş yayılma ehtimalı nə qədərdir? Azərbaycan hansı tədbirləri görməlidir?
Dəhşətli xəstəliklə bağlı “Şərq”ə danışan Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, koronavirusun Hindistan ştammının ağır olduğu məlumdur:
- Bu, koronavirusun mutasiyaya uğramış ştammıdır, həm də ikili mutasiyadır, ona görə də çox ağır fəsadlarla müşayiət olunur. Hindistandakı vəziyyətin ağırlığı oradan gələn xəbərlərdə, yayılan fotolarda görünür. Hələ ilk vaxtlarda mütəxəssislər bu fikirdə idi ki, mutasiyaya uğramış ştamm geniş yayılmağa başlasa, bu, yeni bir pandemiyanın başlanğıcı olacaq. Və artıq 4-cü dalğa hesab ediləcək. Alimlər hazırda Hindistan ştammının yayılıb-yayılmayacağını müşahidə edir. Gözləyirlər ki, görək yayılacaqmı, yoxsa lokallaşacaqmı. Amma gözləmək lazım deyil. Virusu lokallaşdırmaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülməlidir. Hazırda dünyanın bir çox ölkələrində, o cümlədən də Azərbaycanda, Türkiyədə pandemiyanın sonuna doğru gedilir. Yoluxma sayı hər gün aşağı düşür, karantin rejimində yumşalmalar aparılır. Hindistan ştammı lokallaşmasa, yenidən dünya dəhşətli pandemiya ilə üz-üzə qalacaq. Dünya dövlətləri birləşib virusun lokallaşmasına yardım etməlidir. Koronavirus pandemiyasından yorğun düşmüş ölkələr üçün yeni – ikinci bir pandemiyanı qaldırmaq çox çətin, ağrılı proses olacaq.
“Qara göbələk” göz xəstəliyinə gəlincə, A.Qeybulla bu xəstəliyin immun sistemi zəifləmiş insanlarda baş qaldıra biləcəyini dedi:
- Hindistanda əhalinin immuniteti xeyli zəifdir. Göbələk xəstəlikləri zəif orqanizmlərdə daha sürətlə yayılır və bunun üçün rütubətli mühit münbit şəraitdir. Belə şəraitdə göbələklər çoxalır. Virusun mütasiya etməsi də belə halların baş vermə ehtimalını artırır. Virus mutasiyaya uğrayırsa, hansısa xəstəliklərin, o cümlədən də göbələk xəstəliyinin yayılması mümkündür və gözləniləndir. Göbələk xəstəlikləri gündəlik həyatımızda onsuz da var. Lakin “Covid-19” virusuna yaxalanmış orqanizmdə zəifləmə, immunitetin aşağı düşməsi baş verdiyindən digər xəstəliklərin yaranmasına yol açılır. Məsələn, ağ ciyər xəstəliyi, digər göbələk xəstəlikləri yarada bilir. Göbələk ağır xəstəlikdir və ondan qurtulmaq o qədər də asan deyil. Məhz gözlərdə yaranması isə göbələklərin daha çox dəriyə və selikli qişaya düşməsiylə bağlıdır. Bu xəstəliyin yayılmasının qarşısının alınması üçün