Pasiyent və həkimlərin hüquqları qorunacaq:“Cəzanın sərtləşdirilməsi...”

Pasiyentlərin və həkimlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanır. Milli Məclisdə pasiyentlərin və həkimlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanır.
Bildirilib ki, yeni qanun layihəsi müvafiq qurumlarla razılaşdırıldıqdan sonra müzakirə üçün deputatlara təqdim olunacaq.
Yeni qanunla bağlı “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, ölkəmizdə hər şey qanunla tənzimlənmir:
“Min illərdir ki, həkimlər üçün “Hippokrat andı” var. Bunun da mahiyyəti ondan ibarətdir ki, həkim pasiyentə təmannasız yardım göstərməli, düşməni olsa belə köməyini əsirgəməməlidir. Tibb tarixində bir çox alim var ki, onlar ağır xəstəlikləri öyrənmək üçün özlərini həmin xəstəliyə yoluxdurublar və sonra ölüblər. Yəni həkim etikası deyilən bir anlayış var. Bu etikaya kimsə əməl etmirsə, hansısa qanunun qəbulu, cəzanın sərtləşdirilməsi ciddi nəticə verməz. Hər şeyi məcburiyyət üzərində qurmamalıyıq. Həkimlər andlarına sədaqətli olmalı və mümkün qədər həmin andın tələblərinə uyğun çalışmalıdırlar.

Pasiyentlərin də konstitutsiya ilə müdafiə edilən sağlamlıq hüquqları var. Vətəndaşların sağlamlıq hüququnu təmin etmək istiqamətində bu qanun verilməlidir. Çünki qanunlar konstitutsion normaların geniş şərhindən ibarətdir.

Yəni Konstitutsiyada vətəndaşların sağlamlıq hüququ varsa, o zaman onların sağlamlıq hüququnu tənzimləyən qanunlar da olmalıdır. Hesab edirəm ki, bu cür əhəmiyyətə malik qanunlar qəbul edilərkən ictimaiyyətin müzakirəsinə buraxılmalıdır.

Lakin təəssüf ki, Azərbaycanda qanunvericilik təcrübəsində böyük qüsur var. Bir neçə adam ağızlarına gələni yazıb onu qanun formasında cəmiyyətə “sırıyır”. Bu qanunlar da sonra işləmir.

O qanunlar işləyə bilər ki, onlar real ictimai əsasları özündə əks etdirsin. Məsələn, ölkəmizdə korrupsiya və rüşvət ona görə inkişaf edir ki, insanlar öz münasibətlərini qanunla yox, daha çox rüşvət verməklə tənzimləyirlər”.

S.Cəlaloğlu qeyd edib ki, son zamanlar xəstələr tərəfindən həkimlərə qarşı ciddi zorakılıq halları müşahidə olunur:

“Açığı bununla bağlı qanunvericilikdə çoxlu boşluq var. Ümid edirəm ki, yeni qanun həmin boşluqları doldurmaq baxımından əhəmiyyətli olacaq. Həm həkimləri xəstələrin haqsız şərindən, həm də xəstələri həkimlərin peşələrinə yaraşmayan qeyri-etik hərəkətlərindən qoruyacaq”.