TƏBİB-dən narazılıq: Vətəndaşa immunitet sertifikatı verilmir - Məhkəmə...!    

TƏBİB-in fəaliyyəti ilə bağlı narazılıqlar səngimir. Əksinə, getdikcə artır. Sözügedən qurum fəaliyyətə başlayanda sevinmişdik ki, Səhiyyə Nazirliyinin məsuliyyətsizliyindən canımız qurtaracaq. Amma, deyəsən, nazirlik TƏBİB-in yanında “toya getməli imiş”. Redaksiyamıza daxil olan şikayətə görə xəstədən COVİD testi götürən həkimlər onun doğum tarixini səhv yazıblar. Buna görə də vətəndaşa immunitet sertifikatı verilmir. Hələ bu azmış kimi TƏBİB-in “Qaynat xətti” zənglərə cavab vermir.  Məşhur misalda deyildiyi kimi, daha bu nə məhəbbət oldu?

Məsələ barədə “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının(ADP) sədri, həkim Sərdar Cəlaloğlu vətəndaşları hüquqlarını müdafiə etməyə çağırdı:

“Təəssüf ki, bu, ilk belə hal deyil. Oxşar nöqsanlar tez-tez olur. Bu barədə müvafiq qurumlara, o cümlədən Nazirlər Kabinetinə müraciət etmək lazımdır. Konstitusiyada göstərilib ki, dövlət orqanlarının səhvlərinə görə vətəndaşlar məsuliyyət daşımırlar. Həmçinin dövlət orqanlarının vətəndaşlara vurduğu ziyana görə kompensiyaya ödənilməlidir. Bu mənada şikayətçi şəxslər məhkəməyə getməli və haqqlarını tələb etməlidirlər”.