Son məlumatlara görə, Ermənistanda Qərbi Nil virusuna (QNV) 58 yoluxma halı qeydə alınıb.
Bu barədə çərşənbə günü keçirdiyi mətbuat konfransında ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin direktoru Stepan Atoyan bildirib. Onun sözlərinə görə, hazırda 41 nəfər xəstəxanaya yerləşdirilib.
"Onlardan dördünün vəziyyəti ağırdır, digərlərinin vəziyyəti orta ağırdır", - deyə Atoyan bildirib. Atoyan qeyd edib ki, bütün yoluxma halları Ermənistanın Araqatsotn bölgəsində qeydə alınıb. Xatırladaq ki, avqustun 17-də Ermənistanda sözügedən virusa 20 nəfərin yoluxduğu, onlardan birinin öldüyü barədə məlumat yayılmışdı. Son üç həftə ərzində
Gürcüstanda isə koronavirus dominant virus olub.
Bu barədə isə İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçilər Qrupunun rəhbəri İvane Çxaidze məlumat verib.
"Laboratoriya tərəfindən təsdiqlənmiş məlumatlar göstərir ki, ölkədə hazırda koronavirus hadisələrinin ən yüksək sayı qeydə alınıb və bu, yay mövsümü üçün xarakterik deyil", - deyə Çxaidze bildirib. Onun sözlərinə görə, maraqlısı budur ki, ölkədə sonuncu qrip hadisəsi iyulun əvvəlində qeydə alınıb. Çxaidze əlavə edib ki, hazırda Gürcüstanda yayılan bütün viruslar, əsasən, yüngül formadadır.
Digər isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb.
Bu barədə qurumun sözçüsü Marqarit Harrisi danışıb. O bildirib ki, suçiçəyi xəstəliyinə qarşı vaksin meymunçiçəyi üçün də keçərlidir:
"Çünki sözügedən xəstəliyin yayılmasının qarşısının alınması COVİD-19-a nisbətən daha asandır. Meymunçiçəyinin iki növü var: “Klad-1” və “Klad-2”: “Biz “Klad-1”in yayılmasından narahatıq. Çünki çox sürətlə yayılır. Xüsusilə uşaqlar arasında ölüm halları çoxdur”.
ÜST rəsmisi vurğulayıb ki, əsas narahatlıq xəstəliyin çox sürətlə yayılması ilə bağlıdır: "Hələ ki qapanmalara ehtiyac yoxdur. Amma meymunçiçəyinin bütün dünyaya yayılmasını və pandemiyaya çevrilməsini istəmirik”.
Həmçinin Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.
Maraqlıdır, bu xəstəliklərlə bağlı Azərbaycanda vəziyyət necədir? Hansı tədbirlər görülür? Əlimizdə yetərincə vaksinlər var mı?
Suallarımızı cavablandıran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan “Qərbi Nil” virusuna endemik ölkə deyil:
''Digər ölkələrdən gətirilmə hadisəsi olarsa, onun yayılma riski sıfıra bərabərdir. Çünki bu virusun ötürülməsində iştirak edən daşıyıcı ağcaqanad növü bizim ölkəmizin ərazisində mövcud deyil. Meymun çiçəyi isə(yeni adı mpox) viruslu zoonozdur (heyvanlardan insanlara keçən virus). Onun əlamətləri təbii çiçək xəstəliyinə oxşardır, lakin kliniki olaraq daha yüngül keçir. İnfeksiyanın rezervuarına bir sıra gəmiricilər və insana bənzəməyən primatlar daxildir. Virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənmiş materiallarla təmas yolu ilə baş verir. Viruslar bədənə zədələnmiş dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir. İnsandan insana ötürülmənin ilk növbədə iri respirator damcılarla baş verdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır. Gizli dövrü adətən 5 -21 gündür. 5 günədək davam edə bilən başlanğıc dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətləri rast gəlir. Qızdırmadan 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır. Üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir. Ölüm hallarının tezliyi 0-10% arasında dəyişir. Əsasən risk qrupları arasında ( kişik yaşlı uşaqlar, hamilə qadınlar. Immundefisitli şəxslər) rast gəlir. İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkar olunması və təcrid olunmasıdır. Məlumat verildiyi kimi ölkəmizdə mpox infeksiyasına yoluxma halları qeydə alınmayıb. İnfeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyatlı qurumlar tərəfindən icra olunur. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir, nəzarət altındadır. Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə vaksinlər az miqdarda istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır''.