“Ermənistan Avropa İttifaqı missiyasını, Fransa, ABŞ hərbi təlimatçılarını regiona cəlb etməklə Cənubi Qafqazı faktiki olaraq Qərbin plasdarmına çevirməyə çalışır”
Bunu “Sherg.az”a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
O qeyd edib ki, Vətən müharibəsindən sonra kənar qüvvələri həvəslə Ermənistana dəvət edən İrəvan, bununla regionda hərbi-siyasi status-kvonu süni şəkildə dəyişməyə çalışır:
“İrəvanın Qərbi Ermənistana dəvət etməsində məqsəd regionda möhkəmlənməyə çalışan bu qüvvələrin vasitəsilə bölgədə qüvvələr nisbətini dəyişmək, onların dəstəyi ilə nəyəsə nail olmaqdır. Halbuki, Ermənistanı həvəslə silahlandıran və ona dəstək xarakterli bəyanatlar verən dövlətlərin əsl niyyəti sadəcə, regionda möhkəmlənməkdən, öz maraqlarını təmin etməkdən ibarətdir. Bunun xaricində, Ermənistan və onun aqibəti heç kim üçün maraqlı deyil. İrəvan isə bu həqiqəti anlamaq və qəbul etmək iqtidarında olmadığı üçün Qərbin hər bir avantürasını dəstəkləyir, bunu ona verilən qiymət hesab edir”.
Polkovnik qeyd edib ki, Ermənistanın kənar gücləri, təxribatçı qüvvələri bölgəyə gətirməsi yalnız ölkəmizin deyil, bütün region dövltələrinin maraqlarına ziddir:
“Buna görə də rəsmi İrəvanın bu siyasətinə bütün region dövlətləri etiraz etməli, bu siyasətdən imtina etməsi üçün İrəvana təzyiq göstərməlidir.
İran və Rusiya ilə qarşıdurma vəziyyətində olan Qərbin Cənubi Qafqazdakı hərbi mövcudluğu regiona gərginlikdən, qeyri-müəyyənlikdən başqa heç nə vəd etmir. Bu isə bütün region dövlətləri kimi Ermənistanın öz mənafeyinə də ziddir”.