Həkimdən sos:“Yoluxanların 99 faizində “Delta” ştammı var”

Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndi vurulacaq. Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkəmizdə 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.Yeniyetmələrə peyvənd vurdurmaq üçün valideynlərin razılığı tələb olunacaq. Bu barədə Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi qərar qəbul edib. Qərara əsasən, 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.

Dövlətimiz vaksinasiya prosesində digər ölkələrin təcrübələrindən yararlandığını bildirən həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a söyləyib ki, 16-18 yaşlı yeniyetmələrə vaksin vurulması yerində olan bir qərardır:

“Mütəxəssislərin fikrincə, hazırda tüğyan edən koronavirus dalğası ayın 15-dən sonra enəcək. Bütün bunlara baxmayaraq, bugünkü dalğanın araşdırmaları göstərir ki, boğaz və burundan götürülən yaxma nümunələrində COVİD-19 təsdiqlənir, hansısa ştammlar yox.

Digər ştammlar xəstəxanada yatan pasiyentlərdən götürülən qan nümunələrinə əsasən yoxlamadan keçir.

Ölkəmizdə araşdırma aparıldıqda meydana çıxdı ki, yoluxanların 99 faizində “Delta” ştammı var. Bu ştamm uşaqlar və yeniyetmələr üçün də təhlükəlidir. Ona görə də Azərbaycanda yeniyetmələr arasında vaksinasiya prosesinə başlanıldı. Hətta Amerikada  16 yaşdan kiçik uşaqlara da vaksinlərin vurulması planlaşdırılır.

Türkiyə və Rusiya kimi dövlətlərin təcrübəsini nəzərə alaraq, qabaqlayıcı tədbirlərdən biri kimi yeniyetmələrin vaksin olunması həyata keçiriləcək. Bu, müsbət addımdır. Çünki bu yaşda olan xəstələr arasında da ağırlaşmalar müşahidə olunub”.