TƏBİB “reanimasiyaya düşüb”

Azərbaycan səhiyyəsinin mövcud durumu çoxlarına məlumdur. Ötən il TƏBİB yaradılanda əksəriyyət kimi mən də ümidləndin. Düşündüm ki, bu qurum təbabətimizi “reanimasiyadan çıxaracaq”. Demə, Səhiyyə Nazirliyi TƏBİB-in yanında “toya getməli imiş”.
Ramil Bayramlının rəhbərlik etdiyi qurumla bağlı narazılıqların, şikayətlərin ardı-arası kəsilmir. Vallah, TƏBİB-in yerinə mən utanıram. Az qala, hər gün bir xəbər eşidirəm: həkimlərin səhlənkarlığı ilə bağlı faktların sayı-hesabı yoxdur- çağırışdan saatlar sonra mənzil başına gəlir, qızdırma 38 dərəcəyə qalxmayınca koronavirus testi götürmür, müvafiq dərmanlarla xəstəni təmin etmir, “Qaynar xətt”ə cavab vermirlər…Nə qədər tənqid eşitmək olar?!
TƏBİB yaradılanda bir çox siyasətçilər bunun lazımsız olduğunu və səhiyyə sistemimizə “yamaq” olacağını demişdi. Söyləyirdilər ki, heç bir ölkədə bir sahə ilə iki qurum məşğul olmur. Mənsə əksini düşünürdüm. Elə bilirdim, gücə güc qatılacaq. Görünür, onlar haqlı imişlər. İndi nə Səhiyyə Nazirliyi işini bilir, nə də TƏBİB. Konkret faktlarla da danışa bilərəm. Amma ehtiyac varmı? Onsuz da TƏBİB-in fəaliyyətinə dair gündə bir neçə dəfə mənfi mesajlar alırıq.

Başa düşdük, səslənən iddiaların əksinə olaraq Ramin Bayramlı hansısa villa sahibi deyil. İnanıram. Amma Bayramlı Azərbaycan səhiyyəsinə məsul olan şəxslərdən biri olduğunu, xüsusilə pandemiyanın tüğyan etdiyi indiki şəraitdə bu və ya digər dərəcədə məsuliyyət daşıdığını necə inkar edə bilər? Bu, riyakarlıq olar. Bəlkə də, heç inkar etməyəcək. Bəs onda niyə işi ilə məşğul olmur?! Nə üçün vətəndaşa immunitet sertifikatı verilmir?! Hansı səbəbdən “Qaynar xətt” “donur”?!

Ramin Bayramlının, həqiqətən, şikayətlərdən, narazılıqlardan xəbəri yoxdur? Belədirsə, deməli, yerində deyil. Varsa, niyə tədbir görmür, heç olmasa, TƏBİB-in yerləbir olan imicini bərpa etməyə çalışmır?! İstənilən halda “bütün oxlar eyni hədəfi göstərir”.
Vallah, billah, mənim Ramin Bayramlı ilə heç bir şəxsi qərəzim yoxdur. Sadəcə işimə məsuliyyətlə yanaşır, peşə dəyərlərinə hörmət edərək səslənən tənqidlərin, qaldırılan problemlərin həllini tapmasına çalışıram. Elə buna görə də məsələni növbəti dəfə ictimailəşdirirəm. Ramin müəllim, “elin gözü tərəzidir” deyirlər. Cəmiyyətdə baş verən istənilən hadisəyə ən yaxşı qiyməti xalq verir. TƏBİB ard-arda “iki” alır. Bunun axırı hara gedir, bilmirəm. Məncə, şikayətlərə baxmağın, narazılıqları aradan qaldırmağın, insanların rəğbətini qazanmağın vaxtıdır. Əks halda “sinifdə qalmağınız” istisna deyil. Məndən demək…
Kənan Novruzov