Qorxulu “Mu” ştammı: “Vaksinləşənlər də yoluxa bilərlər” – Qapanmalar...

“Vəziyyətin yenidən kritikləşəcəyini istisna etmirəm”

“Mövsümi xəstəliklər və məktəblərin açılması ilə əlaqədar olaraq epidemioloji vəziyyət pisləşə bilər. Bu isə qapanmaları zəruri edəcək”  


Koronavirusun yeni ştamlarının adlarına, səciyyəvi xüsusiyyətlərinə təzəcə öyrəşirik ki, yenisi meydana çıxdı. Bu dəfə də “Mu” ştammı bəşəriyyyəti qorxuya salıb. Epidemioloji vəziyyətin nə ilə nəticələnəcəyi, belə demək mümkünsə, planetin kabusundan nə vaxt yaxa qurtacağımız kimsəyə məlum deyil.

 Yeni ştam barədə “Sherg.az”a danışan həkim-infeksionist Nicat Əzimli bunun Kolumbiyada meydana çıxdığını bildirdi:

“Aparılan araşdırmalara əsasən deyə bilərəm ki, “Mu” ştammı o qədər də təhlükəli deyil. Amma eyni ilə “Delta” kimi “Mu”nun da qorxulu bir mutasiyası mövcuddur. Ehtimallara görə, həmin mutasiyanın mövcud immunitetdən yayınmaq xüsusiyyəti var. Bu isə o deməkdir ki, xəstəliyi keçirənlər və ya vaksinləşənlər də “Mu”ya yoluxa bilərlər. Dediyim kimi, bu, hələlik fərziyyədir. Sözügedən ştamın öyrənilməsi istiqamətində monitorinqlər davam edir. ÜST “Mu”nu maraq doğuran ştamlar sırasına əlavə edib”.

 N.Əzimli gələcəkdə vəziyyətin yenidən kritikləşəcəyini istisna etmədiyini bildirdi:

“Doğrudur, hələlik durum stabildir. Hətta son günlər yoluxma sayında azalma müşahidə edilir. Amma mövsümi xəstəliklər və məktəblərin açılması ilə əlaqədar olaraq epidemioloji vəziyyət pisləşə bilər. Bu isə qapanmaları zəruri edəcək”.