“TƏBİB Ramil Bayramlının villa tikdirməsi üçün lazım idi”

Azərbaycanda koronavirusa yoluxmuş şəxslər simptomlardan asılı olaraq ev şəraitində də müalicə olunur. Səhiyyə Nazirliyinin evdə müalicə ilə bağlı açıqladığı qaydalara əsasən, yoluxma halı təsdiqlənərsə, xəstəliyi yüngül formada keçirən şəxslər həkim rəyinə əsasən yaşadıqları evdə müalicələrini davam etdirir. Ancaq evdə qalmalı olan vətəndaşların böyük əksəriyyəti mövcud durumdan narazıdır. 

Məsələn, saytımıza müraciət edən vətəndaşlardan biri ailə üzvü ilə virusa yoluxduğunu söyləyib.Vətəndaş qeyd edib ki, həkim ailənin 4 üzvünə təxminən 300-400 manat civarında müalicə yazıb. Ancaq onların bu müalicəni davam etdirmək imkanları çox çətindir. Çünki 4 nəfərin evdə sağalması üçün 2 min manata yaxın vəsait tələb olunur. Yəqin ki, müalicə xəstəxanada aparılsaydı, bu rəqəm 2 qat baha olardı.

Vətəndaşların özübaşına buraxıldığını söyləyən Vətəndaş və İnkişaf Partiyasının sədri, ixtisasca həkim Əli Əliyev “Sherg.az”a vurğulayıb ki, təkcə sağlamlıqla bağlı yox, təhsil sahəsindəki vəziyyət də ürəkaçan deyil:

“Dövlətin vətəndaşa hansısa dəstəyi yoxdur. TƏBİB kimi qurumlar xəstəliyi müalicə etmək üçün yox, Ramil Bayramlının dəbdəbəli villa tikdirməsi üçün lazımdır. Belə qurumlar vətəndaşların sağlamlığı sahəsində fəaliyyət göstərmir”.

Yeganə Bayramova