Bayramlı getdi deyə bayram etməyin


Razi Nurullayev: "Səhiyyə sahəsi çox dağınıq və xaotik olduğundan insanlarımız çox əziyyət, zülm çəkirlər"

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib. 

O hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir. TƏBİB-də istefalar bununla yekunlaşmayıb. Qeyd edək ki, TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev vəzifəsindən azad olunması ilə bağlı ərizə ilə müraciət edib. Bəs, bu istefalar və Ramin Bayramlının gedişi tibb sahəsində nələri dəyişəcək?

Azərbaycanda səhiyyə sisteminin çox dağınıq olduğunu vurğulayan Milli Məclisin deputatı Razi Nurullayev "Şərq"ə açıqlamasında deyib ki, ölkəmizdə ilk növbədə səhiyyə sisteminin bütövləşməsinə ehtiyac var. Deputat diqqətə çatdırıb ki, Azərbaycanda mütləq şəkildə səhiyyə sistemi unikallaşdırılmalıdır:

 "Aydındır ki, Azərbaycanda sahələr üzrə bir çox məsələləri şəxslər müəyyən etmir və onlar islahat aparmır. Bunlar birbaşa dövlət başçısının nəzarəti altında verilən qanunlar əsasında icra olunur. Açığı, artıq bir şəxs istefa veribsə və vəzifədə deyilsə, onun arxasınca danışmağın lehinə deyiləm. Ən azından Ramin Bayramlı əgər istefa verdisə, bunun özü də bir mədəniyyətdir. "TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən getdi və bundan sonra səhiyyə sistemində hər şey gözəl olacaq"- deyə, düşüncə də yanlışdır. Bu günləri səhiyyə sistemi ölkəmizdə bütöv bir sistem deyil və bu sahədə çox dağınıqlıq var. Bu günləri Azərbaycanda Səhiyyə Nazirliyi, TƏBİB Tibbi Sığorta Agentliyi fəaliyyət göstərir. Həmçinin, Prezident Aparatında, Nazirlər Kabinetində müvafiq səhiyyə şöbələri  mövcuddur. Ümumiyyətlə, Azərbaycanda hər bir nazirliyin özünün ayrıca Tibb Baş İdarəsi, klinikaları, xəstəxanaları var ki, bu da səhiyyə sahəsində birliyin, kombinasiyanın olmadığını açıq-aydın şəkildə göstərir. Azərbaycanda səhiyyə sahəsi çox dağınıq və xaotik olduğundan insanlarımız çox əziyyət, zülm çəkirlər".

R.Nurullayev qeyd edib ki, ölkəmizdə sığorta sistemi də effektiv təşkil oluna bilmir:

 "Bir çox həkimlər TƏBİB-in göstərişlərini, təlimatlarını, o cümlədən Tibbi Sığorta Agentliyinin təlimat və göstərişlərini birbaşa açıqcasına boykot edirdilər və bu gün də bu hallara rast gəlinir. Bu gün Sığorta Agentliyi də üzərinə qoyulan öhdəliklərin öhdəsindən tam gələ bilmir. Bütün bu məsələlər isə ondan irəli gəlir ki, bu sahədə bir koordinasiya, birlik yoxdur. Çünki bir-birindən müstəqil 5-6 tibb idarəsi  fəaliyyət göstərərsə, təbii ki, o zaman  hər hansı bir qurumun effektiv işləməsindən söhbət açmaq belə gülünc olar. Düşünürəm ki, ümumiyyətlə, səhiyyə sistemini sistemə salmaq üçün ya prezidentin, ya da baş nazirin yanında bununla bağlı müvafiq idarələrin iştirakı ilə bir tədbir, görüş keçirilməlidir. Bununla bağlı məsləhətlər, tövsiyələr dinlənilməli və səhiyyə sistemi Azərbaycanda unikallaşdırılmalıdır ki, bir yerdən idarə olunsun. Yaxud bir yerdən idarə olunmursa, o zaman ayrı-ayrı qurumların səlahiyyətləri bir-birilə paralellik təşkil etməməlidir. Ramin Bayramlının TƏBİB-dən getməsi və başqasının gəlməsi heç nəyi dəyişən məsələ deyil, bu sahədə mütləq şəkildə vahid sistem yaradılmalıdır".   

Aynurə Pənahqızı