Koronadan sağalmış şəxslərə peyvənd vurula bilərmi? - Müfəssəl izah

Pandemiya ilə mübarizənin strategiya və taktikası lap ilk gündən düzgün qurulmalı idi

“Peyvənd bütün hallarda müvafiq infeksiyanın orqanizmdə “nisbi xəstələnmə modelini” yaradır. Odur ki, istənilən halda peyvənddən sonra inyeksiya yerində ağrının olması, hətta bir neçə gün davam etməsi, qızdırma, üşütmə, halsızlıq, ishal, baş, əzələ, oynaq ağrısı və s. normal gözləntilərdir. Yəni bunlar peyvəndin yan təsirləri deyil, yalnız formalaşan immunitetə orqanizmin lokal və ya sistem reaksiyasıdır. Və o, qısa müddətdən sonra tamamilə aradan qalxır”. 

Bu sözləri tibb elmləri doktoru, professor Musa Qəniyev "Şərq"ə açıqlamasında deyib. Professor qeyd edib ki, istənilən infeksiyaya qarşı əmələ gələn təbii immunitet bu infeksiyaya qarşı ən müasir peyvəndlərin belə əmələ gətirdiyi immunitetdən dəfələrlə güclü olur:

 ”Çünki təbii xəstələnmə fonunda orqanizm virusun hansısa bir fraqmentinə qarşı deyil, canlı virusun bütün subvahidinə  qarşı, hüceyrə yaddaşına total şəkildə həkk olunan, aktiv immunitet formalaşdırır. Odur ki, mutant ştammından asılı olmayaraq, bütün təkrari yoluxma halında insan bu infeksiyaları çox yüngül, yəni fəsli infeksiya kimi keçirir. Hazırkı pandemiya şəraitində "COVİD-19" əleyhinə peyvəndlərin vurulması mütləq şəkildə lazımdır. Lakin bu infeksiyanın istənilən klinik formasını keçirib-sağalmış şəxslərə qoruyucu antitellərin pozitiv titri zamanı peyvənd vurulması məsləhət deyil. "COVİD-19"-u xüsusən ağır keçirmiş şəxslərə, qoruyucu antitellərin titri neqativ göstəriciyə düşənə qədər, vaksin vurulması əks-göstərişdir. Çünki güclü immun aktivliyin vaksinlə təkrari stimulyasiyası, limfositlərin mütləq fəallığı ilə müşahidə olunan, immun hiperaktivliyə səbəb ola bilər. Bu da farmakoloji korreksiyası praktik olaraq mümkün olmayan və letal sonluğa səbəb ola biləcək poliorqan (ağ ciyər, böyrək və s.) patologiyası ilə müşahidə oluna bilər. Məhz bu səbəbdən, "COVİD-19"-a yoluxaraq qeydiyyata düşən şəxslərə “immunitet sertifikatı” verilir və onların peyvənd vurulması 6 ay təxirə salınır. Bu, tamamilə düzgün yanaşmadır”. 

M.Qəniyev əlavə edib ki, bu infeksiyanı simptomsuz, zəif klinik əlamətlərlə və ya klinik formasından asılı olmayaraq, evində keçirib, qeydiyyata düşməyən xəstələrin sayı, "COVİD-19"-a yoluxaraq qeydiyyata düşən xəstələrin sayından qat-qat artıqdır:

 “Hazırkı şəraitdə vaksinasiya qeyri-rəsmi olsa da, məcburidir. Belə olan halda, xəstəlikdən sağalan, lakin qeydiyyata düşməyən şəxslərin məlum zaman müddəti gözlənilmədən, peyvənd olunacağı təqdirdə, onların arasında kəskin klinik əlamət və qeyri-spesifik effektlərin meydana çıxması ehtimalı istisna olunmur. Odur ki, bunu vaksinin ayağına yazıb, peyvəndə qarşı insanlarda inamsızlıq, qorxu və ruhi sarsıntı yaratmaq olmaz. Əksinə, buna məsul olan şəxslər, xalqa bu incəlikləri izah etməli və onları maarifləndirməlidir. Yəni "COVİD-19"-la mübarizənin strategiya və taktikası lap ilk gündən düzgün qurulmalı idi. Belə olan halda, biz nə etməliyik? Peyvəndləmə mütləq şəkildə könüllülük prinsipi əsasında aparılmalıdır. Təbii ki, heç kim ölmək istəmir. İnsanlara bütün reallıqlar izah olunub, onlar düzgün təlimatlandırılsa, bu istiqamətdə mövcud bütün problemlər aradan qalxacaq. "COVİD-19"-a qarşı qoruyucu İgG antitellərinin titrinin pozitivliyi təsdiq olunmuş istənilən vətəndaşımız bu infeksiyaya yoluxub-sağalmış şəxs kimi qeydiyyata alınmalı, onların ad və soyadı portala salınmaqla, həmin şəxslərə immunitet pasportu və vaksinasiyadan məlum möhlət hüququ verilməlidir. Mən əminəm ki, söylədiyim son iki maddəyə əməl olunarsa, biz bir də heç bir vaxt, peyvənddən sonra kimsənin ağır vəziyyətə düşməsi haqqında xəbər eşitməyəcəyik”.

Aynurə Pənahqızı