Payız depresiyası...

Qısalmış günlər, tutqun hava, boz təbiət...

Bu fəslin gəlməsiylə bir çox insan xüsusi səbəb olmadan daha kədərli və hüznlü olur


Artıq yay bitib və payızın ilk günlərini yaşayırıq. Payız romantik duyğuların oyandığı, xatirələrin yada düşdüyü fəsildir. İlin bu fəsli kimlərdəsə depresiya, tənhalıq və gücün tükənmə dövrüdür. Payızın gəlişi bir sıra hallarda əhval-ruhiyyənin pisləşməsinə, süstlük və iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. 

Bəzən elə həmin hisslərin təsiri nəticəsində payız depresiyası yaranır. Həkim və mütəxəssislərin fikrincə, orqanizmdə vitamin çatışmazlığı və azhərəkətli həyat tərzi həmin psixoloji vəziyyəti yaradan başlıca səbəblərdən biridir. Statistikaya görə, dünyada hər beş nəfərdən biri payız depresiyasından əziyyət çəkir. Mövsümi əhval dəyişkənliyi ilə daha çox mütəmadi olaraq stresə məruz qalan, həyatdan narazı, fiziki və psixi sağlamlığı tam olmayanlar üzləşirlər. Payız depresiyası haqda alimlərin və həkimlərin də maraqlı fikirləri var. Onlar düşünür ki, orqanizmdə vitamin çatışmazlığı və az hərəkətli həyat tərzi bu psixoloji vəziyyəti yaradır. Arizona ştatının Tibb Universitetinin tədqiqatçılarının fikrincə isə həddindən artıq nəmişlik, evdəki hörümçək torları depresiyaya gətirib çıxarır. 

Torpaqdan bizim mənzillərimizə düşən zəhərli mikroskopik göbələklərin rüşeymləri isti və nəm otaqlarda asta-asta yığılır və artır. Bu, allergiyaya, təngnəfəsliyə, baş ağrısına, göz və dəri xəstəliklərinə və s. gətirib çıxara bilər. Nəmişlik yuxuya mənfi təsir edir, iştahanı azaldır və insanın əhvalını pozur. Bunlar da depresiyanı yaradan əlamətlərdəndir. Depresiya insan psixikasını pozan çox ciddi xəstəlikdir. Mövsümi depresiyanın əsas əlamətləri 2-3 həftə boyunca istəksizlik, diqqəti toplaya bilməmək, səhər yuxudan yorğun oyanma, pessimizmə qapılmaq, heç nədən zövq ala bilməmək, iştah pozğunluqları, həddindən artıq durğunluq və gərginlikdir. Bəs, bu depresiyadan necə çıxmaq olar?

Payız depresiyasıyasına düşən şəxslərin daha çox tək qalmağa üstünlük verdiklərin deyən Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov "Şərq"ə açıqlamasında bildirib ki, bu cür halların qarşısını almaq üçün daha çox doğmalarla vaxt keçirilməlidir:

 "Mövsüm dəyişəndə əhval-ruhiyyədə də bəzi dəyişikliklər olur. İnsan bu aylarda daha həssas olur. Belə hallar payız ayında daha çox müşahidə olunur. Buna da səbəb havanın tez qaralması, soyuq olması və insanların bu səbəblə qapalı mühitdə daha çox vaxt keçirməsidir. Meteohəssas insanlar hava qaralanda özlərini pis hiss edirlər. 

Adətən, bu cür insanlar tək qalmağa üstünlük verirlər. Bu hal təqdir edilmir. Həmin insanların müvəqqəti özlərini narahat hiss etmələri normaldır. 

Yox, əgər bu, davamlı olarsa, mütləq profilaktik tədbirlər görülməli, psixoloq dəstəyi alınmalıdır. Bu cür insanlar depresiyaya düşməmək üçün öncədən qabaqlayıcı işlər görə bilərlər. Açıq havada daha çox vaxt keçirə bilər, zaman-zaman havanın tez qaralmasına adaptasiya ola bilərlər. Bir sözlə, aktivliyi artırmaq, doğmalarla daha çox vaxt keçirməklə bunun qarşısını almaq olar".

Həyat dolu insanların belə payız depresiyası yaşadığını deyən psixoloq Vəfa Əkbər isə bildirib ki, əslində payızın gəlməsiylə bir çox insan xüsusi səbəb olmadan daha kədərli və hüznlü olur: "Qısalmış günlər, tutqun hava, boz təbiət... 

Bütün bunlar payız depresiyasının yaranmasına səbəb olur.  Lakin araşdırmalar göstərir ki, bizim əhvalımızı kədərli, iş qabiliyyətimizi aşağı, davranışımızı apatik edən öz-özlüyündə təkcə havaların pisləşməsi deyil. Bu fenomenin fizioloji izahı da var. Bir qrup alim hesab edir ki, işığın azalması ilə əhvalın pozulması “bioloji saatlar”ın pozulması nəticəsində baş verir. 

Depresiyadan əziyyət çəkən insanlarda minimum bədən temperaturu səhər saat 06:00-da müşahidə olunur, normalda isə bu, gecə saat 03:00-da olmalıdır. Buna görə də onlar səhərlər çətin oyanır, gecələr isə pis yatırlar. Bu insanlar 06:00-08:00 arası parlaq işıq terapiyası aldıqda nəinki onların əhvalı düzəlir, həm də bədən temperaturunun minimumu daha erkən vaxta keçir. Bu fizioloji səbəblərdən başqa payız depresiyasının psixoloji səbəbi də var.

 Payız ilin sonudur. Hər bir insan keçmiş ilin hadisələrinə nəzər salır. Heç də həmişə bütün insanların arzuları, istəkləri reallaşmır. Bu natamamlıq, şəxsiyyət kimi özünü reallaşdıra bilməmək insanda özünə inamsızlıq, əhvalsızlıq yaradır. Bütün bunlardan əlavə isə xroniki streslər, ətrafdakılar tərəfindən insana qarşı irəli sürülən yüksək tələblər, iş və istirahət rejiminin pozulması, natamam yuxu da depresiyaya səbəb olur. Payız depresiyası ilə mübarizə aparmaq üçün ilk növbədə, günü rejimə salmaq, gecələr 6-7 saatdan az olmayaraq yatmaq lazımdır. 

Qida rasionuna mütləq meyvə və tərəvəzlər daxil edilməlidir. Fiziki fəallığı artırmaq, hərəkət etmək və təmiz havada olmaq mütləqdir. Ən əsası isə insanlar sevdikləri şəxslərlə birlikdə mütləq vaxt keçirməlidir".

Aynurə Pənahqızı