Görmə qabiliyyətini qoruyur

Şaftalı xərçəng xəstəliklərinin də qarşısını alır

Dadı, ləzzəti ilə əksəriyyətin sevimli meyvəsi olan şaftalının orqanizmə xeyri saymaqla bitməz. Şaftalı tərkibindəki vitamin, minerallar, antioksidan və digər faydalı elementləriylə sağlamlıq üçün vacib qidalardan biridir. “Şərq” şaftalının orqanizmə faydalarını təqdim edir:     

Görmə qabiliyyəti üçün gərək olan əsas element beta-karotindir. Şaftalı tərkibindəki A və C vitaminləri ilə birlikdə beta-karotinlə də zəngindir. Mütəmadi şaftalı yeməklə bədəndəki qan dövranı artır ki, bu da görmə qabiliyyətinin yüksək qalmasına kömək edir. Beta-karotin orqanizmi həm də sərbəst radikallardan qoruyur.  Katarakt və yaş həddinə görə görmə qabiliyyətinin zəifləməsinin qarşısını alır.  

Dərini sağlam saxlayır

Şaftalı dəri üçün də son dərəcə gərəkli A və C vitaminlərinə sahib olmaqla dərimizin də ən yaxın dostu sayılmalıdır. A vitamini dərinin nəm qalmasına kömək edir, bununla da dərinin qurumasını və qırışların əmələ gəlməsini önləyir. C vitamini isə güclü antioksidan kimi dərinin təmiz qalmasına kömək edir. Gündə 1 şaftalı yeməklə dərini parlaq və qüsursuz saxlamaq olar. Qara ləkələrdən və qırışlardan xilas olmaq üçün şaftalını dəriyə də çəkmək olar. 

Çəkini saxlamağa kömək edir

Şaftalı yağsızdır və yalnız 68 kaloriyə malikdir. Şaftalının tərkibindəki yüksək miqdarda şəkər təbiidir və buna görə də səhhətimiz üçün heç bir təhlükə daşımır. Artıq çəkidən azad olmaq istəyənlər şaftalını əlinin altında saxlasın. Şaftalı şirniyyata və müxtəlif çərəzlərə meyli dəf edəcək.   

Xərçəngə qarşıdır

Şaftalı xərçəng hüceyrələrinin böyüməsinin qarşısını ala biləcək antioksidanlarla zəngindir. Orqanizmi ağ ciyər, bağırsaq və ağız xərçəngindən, qadınları isə döş xərçəngindən qorumaq qabiliyyətinə malikdir.
Xolesterolu qaydaya salır

Vaxtaşırı şaftalı yeməklə xolesterolu qaydada saxlamağa, bununla da şəkərli diabet və ürək xəstəliklərinə səbəb olan amilləri nəzarət altında tuta bilərsiniz. Bunun səbəbi şaftalının lipoprotein və ya LDL xolesterolun oksidlənməsini önləyən fenol birləşməsinə sahib olmasıdır. Bunun sayəsində orqanizm artıq çəkiyə malik olmur, köklük sindromu yaşanmır.  

Həzm prosesini yaxşılaşdırır

Şaftalı yüksək lif faizi və potasiuma sahib olduğuna görə, bağırsaq, mədə və qara ciyərdəki toksinlərin təmizlənməsinə kömək edir. Yüksək dərəcədə olan liflər bağırsaqlardakı toksik maddələrin bədəndən xaric edilməsinə yardımçı olur. Potasium isə böyrəklərin yaxşı çalışmasını təmin edir. Şaftalı çox rahat həzm olunur və mədəyə ağırlıq vermir.  

Təzyiqi nəzarətdə saxlayır 

Bir şaftalı  qan təzyiqinin yüksəlməsinin qarşısını ala biləcək qədər potasium və sodiuma sahibdir. Potasium orqanizmin su balansını tənzimləmək üçün sodiumla birlikdə çalışır və qan təzyiqinin normal qalmasına kömək edir.  Yüksək qan təzyiqi olanlar gündə bir şaftalı yeməklə özlərini qoruya bilər. 

Qan azlığına qarşıdır

Şaftalı xüsusən qırmızı qan hüceyrələrinin artmasına yardımçı olan maqnezium, fosfor, sink, mis, marqanes, dəmir və kalsiuma malikdir.  Tibb mütəxəssisləri dəmir çatışmazlığının yaratdığı qan azlığına qarşı şaftalı kimi dəmirlə zəngin qidalar tövsiyə edir.