"Lyambda" ştammı təhlükəli ola bilməz


Professor deyib ki, deyilənlər tamamilə əsassız, yanlış və insanlıq əleyhinə yönələn fikirlərdir

"Lyambda" ştammının patogenliyi "COVİD-19"-dan nəinki yüksək ola bilməz, hətta ondan dəfələrlə zəif olmalıdır 

İstər təbii immunitet, istərsə də peyvəndləmə nəticəsində formalaşan immunitet insanları "Lyambda" ştammından aktiv şəkildə qorumalıdır

İnsanlar arasında günümüzün ən çox müzakirə olunan arzuolunmaz məsələlərindən birinə çevrilmiş "COVİD-19"-un "Lyambda" ştammı, hazırda dünyanın 30-dan çox ölkəsinə yayılıb.
İddia olunur ki, "Lyambda" ştammı "COVİD-19"-un digər ştammları ilə müqayisədə istər təbii, istərsə də peyvənd immunitetinə qarşı daha dözümlüdür, eləcə də daha yoluxucu və daha aqressivdir. Orqanizmə düşdükdə onu neytrallaşdırmaq üçün, "Delta" ştammının neytrallaşdırılmasına lazım olan antitellərdən də 1,5 dəfə çox miqdarda antitel tələb olunur. "Lyambda" ştammının patogenliyi o qədər yüksəkdir ki, hətta bu infeksiyanı keçirib təbii immunitet qazanmış və ya peyvənd olunaraq immuniteti formalaşan şəxslərin belə, bu ştamma yoluxma ehtimalı çox yüksəkdir. Yapon alimlərinin fikrincə, buna səbəb, virusun ACE2 reseptorlarına bağlanma sahəsində genom dəyişikliyinə səbəb olan mutasiyanın baş verməsidir. İddia olunur ki, bu genom sahəsində baş verən mutasiya unikal mutasiya olub, "COVİD-19"-un indiyə qədər ki, heç bir mutantında müşahidə olunmayıb.

Tibb elmləri doktoru, professor Musa Qəniyev "Şərq"ə açıqlamasında bildirib ki, bu deyilənlər tamamilə əsassız, yanlış və insanlıq əleyhinə yönələn fikirlərdir. Professor qeyd edib ki, "Lyambda" ştammı "COVİD-19"-un genom fərqliliyi göstərən məlum 24 mutant ştammından biridir. Ana ştamm olan "COVİD-19"-un bütün mutantları, o cümlədən "Lyambda" mutantı da ondan müəyyən xüsusiyyəti (məsələn, yoluxdurma əmsalı) ilə fərqlənməlidir. Əks hal sələfin mutasiyaya məruz qalmamasıdır.

 Lakin mutantlar nuklein itkisi və fərqliliyi səbəbindən yarandığına görə, heç bir mutant xəstəliyin daha ağır keçməsi və letallığın yüksək olmasına səbəb ola bilməz. Bu hal virusun məruz qaldığı RNT-nin letallıq mutasiyasının həlledici şərtidir. Əks hal mümkün deyildir. Bildirmək istəyirəm ki, məlum səbəbdən "Lyambda" ştammının patogenliyi "COVİD-19"-dan nəinki yüksək ola bilməz, hətta ondan dəfələrlə zəif olmalıdır. İstər təbii immunitet, istərsə də peyvəndləmə nəticəsində formalaşan immunitet insanları "Lyambda" ştammından aktiv şəkildə qorumalıdır. Bu şəxslərdə də virusa təkrarən yoluxma ehtimalı yalnız 0,002  faiz olmalıdır. Yəni demək istəyirəm ki, gigiyenik qaydalara riayət etməklə, "Covid-19" “xofu”nu birdəfəlik unudun və adi, normal həyatınızı yaşayın". 

Aynurə Pənahqızı