Heç biri peyvənd olunmayıb


12 hamilə qadın koronavirusdan həyatını itirib

Ankara İl Sağlamlıq Müdiri, professor Əhməd Zülfikar Akelma "COVİD-19" xəstəliyinin gedişi və peyvənd işləri ilə bağlı ictimaiyyətə geniş məlumat verib. O, açıqlamasında bildirib ki, hazırda Türkiyədə peyvəndlənmə prosesi intensiv şəkildə davam etdirilir. Akelma 18 yaşdan yuxarı olan şəxslərin 87 faizinin birinci, 70 faizinin isə ikinci dozanı vurdurduğunu deyib: 

"Bu rəqəmlər bizim üçün çox perspektivlidir. 60 yaş və yuxarı olanlar üçün aşılama nisbətləri yüzdə 90-95 arasındadır. 

Universitetlər açıldıqca, aşılama nisbətimiz də yəqin ki, artacaq. Mövcud peyvənd potensialına uyğun olaraq gündəlik 140 minə yaxın vaksin vura bilərik. Hazırda isə bu potensialın təxminən 30-40 minini istifadə edirik. Önümüzdəki günlərdə məktəb və universitetlərin açılması ilə yoluxmaların sayında artım olacağını proqnozlaşdırırıq. Biz bunu heç istəmirik, amma bu artımdan sonrakı vəziyyət gələcəyimizi daha yaxşı görməyə imkan verəcək ".

Həm "COVİD-19", həm də digər xəstəliklər üzündən reanimasiyaya ehtiyacı olanlar üçün lazımi planların hazırlandığını ifadə edən Akelma hazırda heç bir ciddi problemin yaşanmadığını vurğulayıb. Akelma "COVİD-19" səbəbindən 12 hamilə qadının həyatını itirdiyini dilə gətirib: 

"Çox təəssüf ki, 2021-ci ildə "COVİD-19" infeksiyasına görə, hamilə qadınlarımızı itirdik.  Onların 5-i Ankarada, qalanları isə digər bölgələrdə dünyasını dəyişib. Çox təəssüf ki, hamilə qadınların bəzilərində peyvəndlə bağlı tərəddüdlər var. Qeyd edm ki, "COVİD-19" səbəbindən həyatını itirən hamilə qadınların heç biri peyvənd olunmamışdı. Fikrimcə, hamilə qadınların hamısı aşılanmalıdır. Şiddətli bir mənzərə ilə üzləşmək istəmirik. Hamilə qadınların peyvəndlənməsi ilə bağlı heç bir maneə yoxdur. Bu barədə hətta kifayət qədər elmi məlumatlarımız var. Hamilə qadınların peyvənd olunmasının heç bir zərəri yoxdur. Əksinə, hamiləykən peyvənd edildikdə meydana gələn antikorlar hətta körpəyə keçə bilər. Bu da körpə üçün qoruyucu təsir gücünə malikdir".

Aynurə Pənahqızı