“Novovirus” gəldi 


“Korona”dan daha sürətli yayılır
Tədbirlər görülməsə “Novovirus” növbəti pandemiyaya səbəb olacaq

Koronavirusa indi də novovirus əlavə olundu. Son 10-15 gündə qarın ağrısı, qusma və ishal əlamətləri ilə xəstəxanalara gətirilən uşaqların sayındakı  artım mütəxəssisləri narahat etməyə başlayıb. “Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, alimlər “gərəkən tədbirlər alınmazsa, “koronavirusdan daha təsirli və güclü olan” bu virusun növbəti pandemiyaya səbəb olacağı barədə xəbərdarlıq edir. Məhv edilməsi çox çətin olduğu deyilən yeni virusa qarşı hansı önləmlər alınmalıdır? Yoluxma və Mikrobioloji Xəstəlilklər üzrə mütəxəssis Gökçe Demir və Uşaq Xəstəlikləri mütəxəssisi Akif Çelik yeni virusun xüsusiyyətlərindən və onunla mübarizənin necə aparılmasından danışıb.

 "Novovirus" hansı əlamətlərlə özünü büruzə verir? G.Demir bu barədə danışaraq bildirib ki, virusun inkubasiya dövrü 2-3 gün davam edir. Sonra anidən başlayan qarın ağrısı və ürək  bulanmasıyla davam edir. İshal və qusma da xəstəliyi müşayiət edir. Virusa yoluxanlarda  gün ərzində 3-8 dəfə sulu nəcis müşahidə edilir. Hərarətin azacıq yüksəlməsi də ola bilər. Bir neçə gün ərzində sağalma mümkündür. Lakin azyaşlılarda, uşaqlarda və immuniteti zəif olanların sağalması daha uzun zaman ala bilər. Uzman doktor A.Çelik isə qeyd edib ki, "Novovirus" 1968-ci ildə Amerikanın Ohio əyalətində pandemiyaya səbəb olub və bununla tibb aləmində tanınıb. İshal zamanı orqanizm su itkisinə məruz qaldığı üçün virusa yoluxanlarda baş ağrıları, halsızlıq, yorğunluq özünü göstərə bilir. Doktor bildirib ki, "Novovirus" nəcisdən  nümunə alınması və PCR üsulu ilə müəyyənləşir. Mütəxəssis tövsiyə edir ki, valideynlər övladlarında bu əlamətləri gördükdə və ya uşağın virusa yoluxduğundan şübhələndikdə onlara bol miqdarda su içirtməli, təmizliyə riayət etməlidirlər. Əgər uşaqda gün ərzində 7-8 dəfədən çox sulu nəcis olarsa, valideyn həkimə müraciət etməlidir. Bu zaman uşaqlarda qusmanın qarşısını almaq üçün serumlardan istifadə edilməlidir. Həkim qeyd edib ki, məktəblərin açılmasıyla uşaqlar arasında "Novovirus"a yoluxma sayının artacağından ehtiyatlanırlar. Virus insanların təmasıyla baş verdiyi üçün uşaqların eyni ortamda olması təhlükəni artırır. Buna görə də hər bir uşağın şəxsi gigiyenasına diqqət edilməli, təmizlik məsələlərinə ciddi yanaşılmalıdır. Mütəxəssis "Novovirus"un koronavirusdan daha uzun müddət – 1 ay canlı qaldığını da deyib. Bu da "Novovirus"u koronavirusdan fərqləndirən əsas cəhətdir. Səth üzərində qidalarda da bu virus 2-3 həftə canlı qalır. Ona görə də uşaqların əllərini tez-tez yumasına, uşaqların sendviç kimi kütləvi qidalardan uzaq durmasına diqqət edilməlidir. Bu, koronavirusdan daha güclü virusdur. Koronavirus xarici aləmdə dayanıqsız, "Novovirus" isə dayanıqlıdır.  Həkim xüsusilə, koronavirusa qarşı istifadə olunan peyvəndlərin "Novovirus"a qarşı təsirsiz olduğunu da deyib və səbəbini də belə izah edib ki, bunlar fərqli viruslardır.  

Məlahət Rzayeva