Ana südünü inək yox, keçi südü əvəz edə bilər

Ana südü qıtlığı zamanı körpələrə keçi südü vermək məsləhətdir. Dünənədək belə qəbul olunurdu ki, ana südünü inək südü əvəz edə bilər. Araşdırmalar isə əksini deyir. 

2014-cü ildə Türkiyənin Aydın bölgəsində keçi südlü süni qida fabriki açılıb. Keçi südü İzmirin Dikili əyalətindəki fermada bəslənən keçilərdən əldə edilir. Burada 2000 keçi bəslənir. Keçilər Saanen cinsidir. Onlar sənaye bölgələrindən kənar, şəhərin çirkli havasından, stressiz, səs-küydən uzaq şəraitdə saxlanılır. Adnan Menderes Universiteti tərəfindən həyata keçirilən “Keçi Südü əsaslı körpə qidası istehsalı və bu qidaların körpələrin bağırsaq hüceyrələrinə müsbət təsirinin araşdırılması” layihəsi uğurla tamamlanıb. Layihə çərçivəsində həm 6-12 aylıq körpələr, həm də 2 və 12-36 ay arası uşaqlar üçün keçi südü əsaslı süni qida hazırlanıb. Həmçinin zeytun yağlı və keçi südlü süni qidalar da istehsal edilib. Bugünədək körpələr üçün istehsal edilən süni qidalar əsasən inək südündən hazırlanırdı. Keçi südü körpənin qidalanmasında niyə üstün hesab edilir? Keçi südünün özəlliyi və inək südündən fərqi daha az allergik olmasıdır. Keçi südünün as1-kazein (bioloji aktiv maddədir) səviyyəsi daha aşağıdır və daha yumşaq kazein (zülal) formalaşdırır. Bu süddə yağ dənəcikləri daha kiçikdir. Bu da südün tərkibində daha artıq homogen parçalanmaya səbəb olur və körpədə həzm prosesini yüngülləşdirir. Bu üstünlüklər nəzərə alınaraq ana südü kifayət etmədikdə körpələrə keçi südündən hazırlanmış süni qida vermək məsləhət görülür.