İLK: Mobil telefonda koronavirusu aşkar edən test hazırlanıb

ABŞ-ın Kaliforniya Universitetinin alimləri sadəcə mobil proqramdan istifadə edən yeni Covid-19 test sistemi hazırlayıblar. “Sherg.az” xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər “smaRT-LAMP” adlı testin xəstəxanaya giriş imkanı olmayan və evdən çıxa bilməyən insanlar üçün asan bir üsul olacağını bildiriblər. Tədqiqatçılar  bu testin standart PZR testi qədər dəqiq olduğunu iddia  ediblər. Onlar tətbiqin adının “smaRT-LAMP” olacağını  və bunun 7 dollara satıla biləcəyini qeyd ediblər. Bu test üçün smartfonda "Bacticount" adlı proqram və test dəsti tələb olunur. Testdən istifadə etmək üçün ağız boşluğundan götürülən yaxma nümunəsini test dəstinə yerləşdirmək lazımdır. Nümunənin üzərinə reaktiv məhlul əlavə edildikdən sonra LED işığı olan karton qutu ilə örtülməlidir. Smartfonun kamerası LED işıqlarına yönəldildikdə, rəng reaksiyalarına görə nəticənin Covid-19 üçün müsbət olub-olmadığı məlum olur. Tətbiq parlaq qırmızı işıq göstərirsə, nəticə müsbətdir.
Hazırda tədqiqat yalnız 50 nəfərlik bir qrup üzərində aparılıb. Lakin tədqiqatçılar nəticələrin ümidverici olduğuna əmin olduqlarını söyləyiblər.

Çimnaz Şahlar