Onkoloji xəstələr COVID-19 vaksini vurdura bilərmi? - AÇIQLAMA

Yaxın zamanlarda əməliyyat keçirən, yaxud əməliyyatdan sonrakı dövrdə olan onkoloji xəstələr vaksinasiya oluna bilməz.
Bu barədə müsahibəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli məlumat verib.
O bildirib ki, həmçinin kimyaterapiya müalicəsi alan, ya da hal-hazırda şüa terapiyası şöbəsində müalicə olunan onkoloji xəstələrə vaksin tövsiyə olunmur:

“Müalicə bitdikdən sonra onlar da peyvənd oluna bilərlər. O cümlədən də pasient uzun müddətdir onkoloji xəstə kimi qeydiyyatdadır, niyə peyvənd olunmasın? Hesab edirəm ki, mütləq COVID-19-a qarşı peyvəndlənməlidir”.

“Yaşından, maddi durumundan və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq onkoloqun görüşünə gələn hər kəs həkimdən dəhşətli bir xərçəng diaqnozu eşitməkdən ən çox qorxur, ancaq onkologiyadan da təhlükəli xəstəliklər var. Bütün dünyada hazırda koronavirus tüğyan edir, o cümlədən də bizim respublikamızda. Hazırda bütün dünya peyvənd olunur. Ölkəmizdə aparılan vaksinasiya prosesi dünyada aparılan uğurlu vaksinasiya kampaniyalarından biridir. Təəssüf ki, bəzən sosial şəbəkələrdə “ekspertlər”in səsləndirdiyi əsassız fikirlər insanları çaşdırır. Hesab edirəm ki, vətəndaşlar rəsmi səhiyyə qurumlarını təmsil edən ekspertlərin tövsiyələrinə əməl etməlidirlər. Sürətlə yayılan virusdan qurtulmaq istəyiriksə, vaksinasiya prosesində aktiv iştirak etməliyik”, - deyə baş onkoloq qeyd edib.