Məktəblərin iki həftəlik qapanması mütləqdir


Vəziyyət kritikdir. Həm uşaqlar, həm də böyüklər arasında yoluxma müşahidə olunur

Məlum olduğu kimi, koronavirusun yeni ştamı olan "Omikron"a yoluxma sayında son günlər böyük artım müşahidə olunur.  Böyükdən kiçiyə hər kəs yoluxma təhlükəsindən narahatdır. Xüsusilə də övladı məktəblərdə təhsil alan valideynlərə məktəblərlə bağlı tədrisin distanta keçidi maraqlıdır. Təhsil Nazirliyi məktəblərin bağlanmasına münasibət bildirib. Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev fevralın 2-si tarixinə görə, qeyd edib ki, ölkədə 9 məktəbin COVID-19-la əlaqəli distant tədrisə keçib:

"299 sinif də tədrisi onlayn formada davam etdirir. Bir həftə ərzində onlar distant tədrisdə olacaq. İndiki zamanda statistika göstərir ki, yoluxma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur. Lakin sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır. Məktəblərin ümumilikdə bağlanmasına səbəb olacaq problem yoxdur”.

Həkim-infeksionist Mərdan Əliyev "Şərq"ə açıqlamasında bildirib ki, siniflərdə xəstə uşaqların sayı artsa, on gün iki həftəlik distant təhsil sisteminə keçid mütləqdir:

"Tədrisin onlayn olması siniflər, yaxud da ümumi məktəb üzrə ola bilər. Hazırda vəziyyət kritikdir. Həm uşaqlar, həm də böyüklər arasında yoluxma müşahidə olunur. İndiki şəraitdə iki həftəlik dərslərin distant tədrisi arzuolunandır".