Koronavirus artıq ciddi təhlükə deyil

Yaxın günlərdə Azərbaycanda da bütün məhdudiyyətlər aradan qaldırılacaq

Mərdan Əliyev: "Sözün açığı, bir həkim olaraq maska tələbinin tamamilə ləğv olunmasının tərəfdarı deyiləm. Yaxşı olar ki, maskalar  müəyyən yerlərdə qalsın"

Dünyanın bir sıra ölkələrində koronavirus infeksiyasına görə tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb.  Qalan ölkələr isə qısa müddətdə bu məhdudiyyətləri  ləğv etməyə və ya əhəmiyyətli dərəcədə yumşaltmağa hazırlaşır.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze  də "Rustavi 2" telekanalına açıqlamasında bu məsələyə toxunub. Koronavirusun kəskin mərhələsinin artıq  başa çatdığını vurğulayan A.Qamkrelidze ehtimalına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) böyük ehtimal ki, bu il pandemiyanın başa çatdığını elan edəcək: “Dünyanın bütün əsas beynəlxalq təşkilatlarının proqnozlarına görə, bu sabitləşmə davam etməlidir. Pandemiyanın tam başa çatdığı ÜST tərəfindən elan edilməyib, lakin strateji sənəddə qeyd edildiyi kimi, onun kəskin mərhələsi başa çatmaq üzrədir. 
Qeyd edək ki,  Azərbaycanda pandemiya ilə bağlı bir çox qadağalar aradan qaldırılsa  da bəzi məhdudiyyətlər hələ də qüvvədə saxlanılıb. Ölkə vətəndaşlarının böyük əksəriyyəti səbirsizliklə  qapalı məkanlara girişlərdə COVID-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə və digər məhdudiyyətlərində ləğv olunması qərarını gözləyir. 

Bir qrup şəxslər isə maska və COVID pasportu ilə bağlı tələbin birdəfəlik aradan qaldırılmasının tərəfdarı deyil. Onların fikrincə, bu tezlikdə bütün qadağaları ləğv etmək ölkəmiz üçün yenidən ağır nəticələrə səbəb ola bilər. İnsanlarımız elə düşünəcəklər ki, hər şey bitib və keçmişdəki adətlərə qayıtmaq olar. Bu isə yenidən ölkəmizdə yoluxma sayının artması ilə nəticələnə bilər. 

İnfeksionist-hepatoloq Mərdan Əliyev “Şərq”ə  açıqlamasında bildirib ki, pandemiyanın bitməsi rəsmi olaraq elan edilmədiyi üçün  ölkəmizdə sanitar-epidemioloji nəzarəti ehtiyatda saxlamaq üçün müəyyən tədbirlər planı həyata keçirilir:

 “Koronovirusa yoluxma sayında enmələr müşahidə edilsə də, görünür, aidiyyəti qurumlar məhdudiyyətləri aradan qaldırmağa ehtiyat edir. Amma bir həkim olaraq indiki şərtlərdə  məhdudiyyətlərin  saxlanılmasına ehtiyac olmadığını düşünürəm.  İnsanlarımızda kollektiv immunitet formalaşıb və koronavirus artıq bizim üçün  ciddi təhlükə deyil. Çox güman ki, yaxın zamanlarda qüvvədə  olan məhdudiyyətlər də  aradan qaldırılacaq. Sözün açığı, bir həkim olaraq maska tələbinin tamamilə ləğv olunmasının tərəfdarı deyiləm. Yaxşı olar ki, maskalar  müəyyən yerlərdə qalsın. Ən azından ictimai nəqliyyata və tibb müəssisələrinə daxil olanda insanlarımız maskadan istifadə etsin. Onsuz da restoranlarda, şadlıq saraylarında insanlar yemək yeyərkən maskalarını çıxardırlar. Həmin obyektlərə daxil olanda maska taxmağın heç bir mənası yoxdur.  Dediyim kimi, lokal  şəkildə maskadan istifadəni bir ənənə halına  çevirmək olar.  Yəni tək koronovirusdan yox, adi qrip infeksiyalarından, vərəm və s. kimi yoluxucu xəstəliklərdən qorunmaq üçün əhalinin sıx toplaşdığı yerlərdə maskadan istifadə etmək məqsədəuyğundur. Bu isə bizim üçün bir məhdudiyyət yox, könüllü ənənə halını almalıdır”.   
 
Peyvənd məsələsinə gəldikdə isə  həkim hesab edir ki, yalnız risk qrupuna daxil olan və yanaşı xəstəliyi olan şəxslər müəyyən vaksin dozalarını ala bilər. Əhalidə kollektiv immunitet formalaşdığı üçün insanlardan "Covid" pasportunun tələb olunması mənasızdır.