"Kinder" şokoladlar sağlamlıq baxımından həqiqətən riskli qidadır
Uşaqların sevimlisi "Kinder" şokoladları ilə bağlı xoşagəlməz məlumatlar yayılıb.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kinder yumurtalarının satışdan yığışdırılması ilə bağlı sahibkarlara müraciət edib.
AQTA-dan verilən məlumata görə, İtaliyanın “Ferrero” şirkətinin Belçikada yerləşən müəssisəsində istehsal olunan son istifadə müddəti 20 aprel – 21 avqust, 11 iyul – 7 oktyabr 2022-ci il tarixli bəzi məhsullarında salmonella olması ehtimalı ilə bağlı həmin məhsul partiyaları geri çağırılıb.
Bununla bağlı, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar zamanı ölkəmizə idxal olunan məhsullarda risk əsaslı nəzarət tədbirləri çərçivəsində aparılan müayinələr nəticəsində hər hansı uyğunsuzluq, həmçinin salmonella bakteriyasının törədicisi aşkarlanmayıb. Lakin “Ferrero” şirkəti tərəfindən həmin partiyaların əsas satış bazarlarından geri çağırılması və məhsulun həssas əhali qrupu tərəfindən istehlak edilməsi nəzərə alınaraq, Agentlik sadalanan dövrü əhatə edən məhsulların dövriyyədən çıxarılması, geri çağırılması ilə bağlı sahibkarlara rəsmi məktublar göndərib.
Agentlik qabaqlayıcı tədbirlər çərçivəsində insanların həyat və sağlamlığının qorunması məqsədilə istehlakçıları Belçikada istehsal edilən və son istifadə müddəti yuxarıda qeyd olunan tarixləri əhatə edən bu məhsulları istehlak etməməyə çağırır.
Pediatr Günay Rəsulova “Kinder” şokoladlarının sağlamlıq baxımından çox riskli olduğunu deyib. Tərkibində kanserogen maddələr olduğunu vurğulayan pediatr bu sürpriz yumurtaların bir sıra ölkələrdə qadağan edildiyini deyib: “Biz nəyi gözləyirik? Gərək kütləvi zəhərlənmə baş versin, sonra oyanaq? Bu tip şokoladlar ən çox qida zəhərlənməsinə səbəb olan, kəskin allergik reaksiyalarla nəticələnən şokoladlardır.
Açıq piştaxtalarda, günəş düşən yerlərdən belə uşaqlarına şokolad, kek, abur-cubur alıb yedirən valideynlər var. “Çox sevdiyindən”, uşaq istədi, ürəyi dözməyib” əlinə nə keçdi uşağa alıb yedirən valideynlər düşünməlidirlər ki, onlar öz əlləri ilə övladını zəhərləyir, böyüyən uşaq orqanizmi üçün sağlam qidalanma, təmiz hava, su olmazsa olmazdır.
Övladlarını sevən, onları qoruyan valideynlər ilk növbədə onların sağlamlığını düşünməlidir. Sorğu-sualsız peyvəndlərini vurdurmalı, sağlam qidalandırmalı, zərərli həyat tərzi, qeyri-düzgün yuxu rejimi, zəhərli, toksik qidalardan övladlarını uzaq tutmalıdırlar. Bu qidalar nəinki zəhərlənmə, allergiya verə bilər, həmçinin, yüksək şəkər tərkibli olduqları üçün diabet, ürək qan-damar xəstəlikləri riski, hətta xərçəng riskinə səbəb olur. Övladlarımızı günümüzün potensial təhlükələrindən ciddi şəkildə qorumalıyıq! Xüsusilə telefon, planşet və zəhərli qidalanma ilə bağlı qaydaları sərt və qətiyyətli olmalıdır. Övladınız bu qətiyyətinizi hiss etdiyində bu təhlükələrdən vaz keçəcək. Qadağa qoyduğunuz şeylər evdə stolunuzun üstündədirsə danışmağınızın mənası yoxdur. Etmələrini istəmədiyiniz şeyləri öncə özünüz etməməlisiniz. Belə ki, “ən gözəl tərbiyə sözlə deyil, etdiklərinizlədir”.