Toyuq dönərləri riskli qida məhsullarının arasında ilk sıralardadır
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Azərbaycanda toyuq dönərinin satışına heç bir məhdudiyyət qoyulmadığını bəyan edib. Sədrin sözlərinə görə, əvvəllər toyuq dönərlərinin hazırlanması haqqında müəyyən standartlar tələb olunsa da, artıq bu proses könüllülük fəaliyyəti daşıyır.
Ekspertlər isə hesab edir ki, toyuq və ət dönərinin hazırlanmasında müəyyən sanitariya qaydaları var və onlara əməl olunmalıdır.
Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən qida üzrə baş mütəxəssis Ağa Salamovun sözlərinə görə, ölkədə mövcud olan dönərxanaların əksəriyyəti standartlara uyğun qaydada işləmir:
"AQTA sədri toyuq dönərlərinin satışı ilə bağlı heç bir qadağa olmadığını deyib. Bəs dönərxanaların kritik nəzarət nöqtələrinə nəzarəti kim aparmalıdır? Bu barədə heç bir açıqlama verməyib axı!? Bu proses könüllülük fəaliyyəti daşıyırsa, demək, standartları sahibkar özləri müəyyən edəcək? Azərbaycanda dönərxana sahibi olan insanlar bu sahənin peşəkarı deyillər. Dünya ölkələrində bu işə texnoloqlar baxır, satılan qidalarla bağlı bütün məsuliyyət onların üzərində olur. Azərbaycanda fəaliyyət göstərən dönərxanalarda texnoloqlar da yoxdur.
Ümumiyyətlə, ictimai iaşə müəssisələrinin hər birində texnoloqlar olmalı və aşpazlar mütləq peşəkar, standartlara cavab verən adamlar olmalıdır. Dönərlər peşə təhsilli və xüsusi təlim keçmiş aşpazlar tərəfindən hazırlanmalıdır. Hər yerindən duran şəxsin dönərxanada işləməsi düzgün deyil".
Toyuqda salmonella bakteriyalarının olduğunu vurğulayan A.Salamov hesab edir ki, mütləq saxlanma şərtlərinə əməl edilməlidir:
“Toyuq əti bişirilərkən verilən istiliyin dərəcəsi və miqdarı da önəmlidir. Dönərin yaxşı bişirilməməsi, dönər hazırlanan zaman istifadə edilən qida məhsullarının uyğun şəraitdə saxlanılmaması və hazırlayan şəxsin sanitar-gigiyenik normalara əməl etməməsi kimi hallar zəhərlənməyə yol aça bilər.
Saatlarla isti havada, günəş şüaları altında qalan dönəri istehlakçılara satırlar. Bu reallıq fonunda hansı könüllü standartlardan danışmaq olar. Sahibkarlar üçün önəmli olan məhsulunun satılmasıdır, insanların sağlamlığı onları zərrə qədər də maraqlandırmır. Düşünürəm ki, bu açıqlama ilə AQTA məsuliyyəti öz üzərindən atır”.
Riskli qida məhsulları arasında toyuq dönərinin ilk sırada olduğunu vurğulayan mütəxəssisin dediyinə görə, məhz bu səbəbdən toyuq dönərlərindən zəhərlənmə faktları daha çox qeydə alınır:
“Toyuq ətinə daha çox salmonella bakteriyaları toplanır və çarpaz çirklənmə nəticəsində insanlara keçir. Bakteriyaya yoluxmuş toyuq əti normal qaydada bişirilmədikdə zəhərlənməyə və xəstəliyə səbəb olur. Çünki bu zaman bakteriyalar ölmür. Bu azmış kimi dönərxanalarda mayonez məhsulları günəşin altında, otaq temperaturunda, saatlarla qaldıqdan sonra istifadə olunur.
Halbuki, dönərin hazırlanması üçün istifadə edilən tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanılmalıdır”.