"Ancaq onları 3 gündən artıq istifadə etmək olmaz"
Vaqif Qarayev: "Hər bir həkim ehtimalla, fərziyə ilə yox, elmi mənbələrə istinadən danışmalıdır"
Bu dəqiqə həmin bu mövzu ilə bağlı elə bir status yazaram ki, cəmiyyətdə “bomba” effekti” yaradar
“Dərman üzərində ad nə olur-olsun, altda kiçik hərflə nə yazılıb: “İbuprofen”, yoxsa “Paracetamol”. Əgər “İbuprofen” yazılıbsa, atın və “Paracetamol” yazılanı alın”. Bu sözləri pediatr Aytən İsmayılzadə deyib.
“İbuprofen” molekulundan əvvəllər sinir, əzələ ağrıları, oynaq xəstəliklərinin müalicəsində istifadə edildiyini vurğulayan pediatr bu preparatın iltihab söndürücü təsirə malik olduğunu deyib: “Bəs necə oldu ki, “İbuprofen” hərarət barəsində “Paracetamol”u ötdü, keçdi və hər uşağın mədəsinə tez-tez girməyə başladı? Siz anaların və sizi tez rahatlatmaq istəyən həkimlərin sayəsində.
Şirkətlər gördü ki, hərarəti tez salan güclü dərmana “ehtiyac” var. Bu, xeyli pul deməkdir. Ehtiyac isə həqiqi deyildi. Anaların həyəcanından yaranmışdı”. “Hərarətdən heç nə olmur, “İbuprofen”dən isə nələrsə olur. Bu “nələrsə” sizin həyəcandan daha vacibdir, əziz analar! Uşağınızı hərarətdən deyil, dərmanların zərərindən qoruyun. Həkiminiz təyin etsə belə, “Paracetamol” tərkibi ilə əvəz edin” .
Həkimin bu fikirləri sosial şəbəkədə ciddi polemikaya səbəb olub. Mövzunu müzakirəyə çıxaran sosial şəbəkə istifadəçiləri həkimi heç bir elmi əsası olmayan fikirləri doğru imiş kimi topluma təqdim etməkdə günahlandırıb.
Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən pediatr Vaqif Qarayevin sözlərinə görə, uşaqların qızdırmasını salmaq üçün hərə bir vasitədən istifadə edir, hər həkim öz fərziyyələrini irəli sürür. Halbuki, müalicə protokolu var. Bu, hansısa həkimin kaprizləri əsasında müəyyən olunmur:
“Bütün dünya səhiyyəsində uşaqlarda qızdırmanın müalicəsi adında ayrıca bir müalicə protokolu var. Ümid edirəm, Azərbaycanda tibbi sığorta sistemi tam oturuşandan sonra bizdə hər şey protokola uyğun formada icra ediləcək.
Həmin müalicə protokolunun tələbinə görə qızdırma “Nurofen” və “Parasetamol” qrupuna aid olan dərmanlar vasitəsilə salınmalıdır. Bu zaman da qızdırma salan preparatların yaşa görə dozasına və qəbul qaydasına diqqət etmək lazımdır. Az dozada effekt verməyəcək, yüksək dozada isə yan təsiri qaçılmazdır.
Ümumilikdə isə qızdırmasalıcı effektə malik olan istənilən dərman preparatının əlavə təsirləri var. Ona görə də biz hər zaman bu preparatlardan azyaşlılar üçün ehtiyatla istifadə edilməsini məsləhət görürük.
Tək “İbuprofen” tərkibli preparatın yox, uşaqlar üçün ən təhlükəsiz qızdırma salan preparat hesab olunan “Parasetamol” özünün də instruksiyasını açıb oxusanız görəcəksiniz ki, nə qədər əks təsirləri qeyd olunub. Amma müalicəvi effekti yan təsirlərindən daha güclü olduğu üçün həkim həmin preparatı təyin edir.
Və xüsusi qeyd edirik ki, qızdırma salıcı dərmanlardan 3 gündən, ağır hallarda isə 5 gündən artıq istifadə etmək olmaz. Çünki uzunmüddətli istifadə zamanı "Parasetamol" qaraciyəri zədələyə bilir. “İbuprofen” tərkibli dərmanların yan təsirləri çoxdur deyə ondan imtina doğru deyil. Banal soyuqdəymədən yaranan qızdırma zamanı parasetamol effekt verir, amma iltihab əlamətləri zamanı “İbufen”, “Nurafen”, “İbupren” kimi dərmanlar daha yaxşı təsir edir. Bunu isə ancaq həkim təyin edə bilir.
Pediatrın sözlərinə görə, vaxtaşırı “İbuprofen” və ya “Parasetamol” tərkibli dərmanların müqayisə edilməsi hər hansı birinin zərərlərinin daha çox ön plana çıxarılması müsbət tendensiya deyil. Bu hal valideynlər arasında çaşqınlıq və həkimlərə inamsızlıq yaradır: “Bu dəqiqə həmin bu mövzu ilə bağlı elə bir status yazaram ki, cəmiyyətdə “bomba” effekti” yaradar. Təsəvvür edin, yazıram ki, bu günə qədər hamımız səhv bilmişik. Sən demə, "Parasetamol" uşaq orqanizmi üçün həddindən artıq zərərli imiş və bundan sonra qızdırmasalıcı kimi ondan istifadəni məsləhət bilmirəm. Amma belə bir iddia üçün ortada əsaslı bir sənəd yoxdur axı!? Bu camaat yazıqdır. Açıb interneti oxuyurlar ki, filan həkim illərlə verdikləri dərmanı təhlükəli preparatlar siyahısına aid edib. Halbuki ortada heç bir elmi əsaslandırma yoxdu. Azərbaycan dilində sanballı bir ədəbiyyat olmadığı üçün də kim nə yazsa insanlar inanır. Kütləvi auditoriyalar üçün tibbi borşurlar, Azərbaycan dilində internet resursları olmalıdır. Dəfələrlə bu məsələni problem səviyyəsində qaldırmışam.
Pandemiya vaxtı bu cür çaşdırıcı yazılar daha çox üzə çıxırdı. Neçə illərin həkimləri “koronavirus deyilən bir şey yoxdur, hamısı uydurmadır” yazır, kimisə də virusa qarşı istifadə edilən dərmanların effektsiz olduğunu deyirdi. Axı həkim ehtimalla, fərziyə ilə yox, elmi mənbələrə istinadən danışmalıdır. Kimsə özünün şəxsi təcrübəsini elmi araşdırmalardan üstün görüb, topluma maarifləndirmə adı ilə təqdim etməməlidir”.