Qızdırmanın təbii üsullarla düşürülməsi daha məqbuldur

Pediatr: "Ancaq bütün hallarda xəstəliyin təyinatına uyğun olaraq hansı qızdırmasalıcı dərmanı təyin edəcəyinə həkim qərar verməlidir"


Pediatr-reanimatoloq  Qoşqar İsmayılov “Şərq”ə açıqlamasında valideynlər arasında çaşqınlıq yaradan “İbufen” yoxsa “Parasetamol” sualına aydınlıq gətirib. 
Mövzu ilə bağlı hər zaman fikir ayrılığı yaşandığını vurğulayan həkim deyib ki, “Parasetamol” və “İbuprofen” arasında seçimi valideynlər yox, məhz həkimlər etməlidir: “Təbii ki, uşağı müayinə etdikdən sonra xəstəliyin təyinatına uyğun olaraq hansı qızdırmasalıcı dərmanı təyin edəcəyinə qərar verməlidir. Valideynlərin öz yanlarından aptekdən dərman alıb uşağa içirtməsi düzgün deyil”.

 Pediatrın sözlərinə görə,  qızdırma zamanı ilkin olaraq hansı preparatın təyin olunması müalicə protokoluna uyğun aparılır və  bu seçim ölkələrə görə dəyişə bilir: “Amerika qitəsində qızdırma əleyhinə ən çox yayılmış və ən çox istifadə edilən dərman “Asetaminofen”dir. 

Avropada isə “Parasetamol” və paralel olaraq “Asetaminofen” tərkibli preparatlardan daha çox istifadə olunur. Qızdırma əleyhinə istifadə olunan digər  alternativ preparatlardan isə ən populyarı “İbuprofen”dir. Və bu molekulda olan dərmanlar digərləri ilə müqayisədə  daha geniş spektrumludur.  

Bu baxımdan uşaq orqanizmi üçün  “Parasetamol”un yanaşı təsirlərinin və zərərlərinin az olması əsaslıdır.
 “Parasetamol” uşağın qızdırmasını salmadığı halda “İbuprofen” molekulası tərkibli hərarətsalıcı dərmanlardan istifadə etmək olar. 

Bu  dərmanın əlavə təsirləri nisbətən çox olsa da, bu preparatdan istifadəyə qadağa və ya məhdudiyyət yoxdur. Şəxsi qənaətimə gəldikdə isə “Parasetamol”dan daha əvvəl təbii üsullarla qızdırmanın düşürülməsinin tərəfdarıyam”.