Onlar öyrənməyə, daha çox bilik əldə etməyə yox, bürokratiyaya etiraz edirlər
"Axı nəyə görə həkimlər hər il 150 manat pul keçirib bal almalı, üstəlik də 2 həftəsini boş-boşuna keçirməlidir?"
Azərbaycanda həkimlərin narazı olduğu məsələlərdən biri də sertifikasiya məsələsidir.
Bir qrup həkim sertifikasiya imtahanına qarşıdır. Onlar hesab edirlər ki, həkimlərin test üsulu ilə imtahan edilməsi mənasız və gərəksiz, imtahandan keçməyənlərin işinə xitam vermək isə tam haqsızlıqdır. Həkimləri narahat edən başqa bir məsələ isə sualların ixtisasa uyğun deyil, ümumi salınmasıdır.
Dövlətin məqsədi isə əhalinin sağlamlığının qorunması məqsədi ilə həkimlərin göstərəcəyi tibbi xidmətin yüksəldilməsi və tibbi yeniliklərdən həkimlərimizi xəbərdar etməkdir. Ona görə də hər dəfə bu mövzu gündəmə gələndə fikirlər haçalanır və hər kəs öz mövqeyini haqlı hesab edir.
Həkim-nevroloq Qalib Əsədov isə “Şərq”ə açıqlamasında bildirib ki, həkimlərin sertifikasiya imtahanının əleyhinə olmasını bəzən yanlış olaraq onların imtahandan qorxması, öz savadlarından şübhə etmələri kimi dəyərləndirirlər. Bu, düzgün yanaşma deyil. Tibb sahəsində elementar anlayışı olan hər kəs 50-60 suala cavabı əzbərləyib asanlıqla imtahandan keçə bilər və keçir də: “Statistikaya görə, cari ilin 5 ayı ərzində imtahan verənlərin cəmi 2 faizi keçə bilməyib, qalan hamı imtahanı uğurla verib. Demək ki, narazılığın səbəbi qorxu və ya həkim savadsızlığı deyil, başqadır. Əslində tibb işçilərinin davamlı tibbi təhsil alması, bu sahədə yeniliklərdən xəbərdar olması və daim təkmilləşən dünya tibbindən xəbərdar olması yaxşı bir təşəbbüsdür. Amma 2011-ci ildən icra edilən bu təşəbbüsün icra tərzi yanlışdır. Əvvəla onu deyim ki, heç bir halda, xəstə ilə işləməyən kaferdra laborantlarının hazırladığı 50-60 suala cavab, 10 illik təhsilin nəticəsi kimi verilmiş diplomdan üstün ola bilməz.
Axı nəyə görə həkimlər hər il heç bir yeni məlumat verməyən Təkmilləşdirmə İnstitutuna 150 manat pul keçirib bal almalı, üstəlik də 2 həftəsini boş-boşuna keçirməlidir? Üstəlik bu tələb xaricdən gələn həkimlərə yox, sadəcə öz həkimlərimizə şamil olunur. Bu cür lazımsız imtahanlardansa, xaricdə olduğu kimi bizdə də dünya səviyyəsində məşhur alimlərin mühazirələri, onların iştirakı ilə konfranslar təşkil olunsa daha məqsədəuyğun olar.
Yaxud da yeni müalicə qaydaları, Ümumdünya Səhiyyə Təşkilatının, müxtəlif ixtisaslar üzrə Beynəlxalq Assosiasiyaların dərgiləri, orda çap olunan məqalələr, müalicə protokolları ölkəmizdə təbliğ olunsun, bu haqda elmi praktik konfranslar keçirilsin”.
Həkimlik peşəsində daim təkmilləşməyə, inkişafa ehtiyac duyulduğunu vurğulayan Q.Abbasovun sözlərinə görə, Sertifikasiya imtahanının ləğvini istəyən həkimlər öyrənməyə, daha çox bilik əldə etməyə yox, bürokratiyaya etiraz edirlər.
Hər şeyin maddi zəmində həll olunduğu sovetlərdən qalmış köhnəliyə yox deyib, yenilik dünya səhiyyə sisteminə inteqrasiya istəyirlər”.